Konqo Demokratik Respublikasının milli komandasının baş məşqçisi Sebastyen Desabr dünya çempionatının 1/16 final mərhələsində İngiltərəyə qarşı keçirilən matçdan sonrakı mətbuat konfransında atasının vəfatı barədə xəbər alıb.
Oxu.Az "Daily Express" nəşrinə istinadən xəbər verir ki, İngiltərə ilə gərgin keçən qarşılaşmada Brayan Sipenginin 7-ci dəqiqədə vurduğu qol sayəsində hesabda irəli çıxan Afrika təmsilçisi matçın sonlarında Harri Keynin dublu ilə məğlubiyyətə uğrayıb.
Hadisə mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən baş verib. Məhz bu zaman millinin mətbuat katibi ona atasının ölüm xəbərini çatdırıb.
"Baş məşqçimizin atasını itirdiyini bildirir və ona dərin hüznlə başsağlığı veririk", - deyə Konqo Futbol Federasiyasının nümayəndəsi bəyan edib. Desabr isə sadəcə "təşəkkür edirəm" deyərək mətbuat konfransını tərk edib.
Qeyd edək ki, bu, Konqo tarixində dünya çempionatının ilk pley-off matçı idi.
Konqo yığması məhz Desabrın rəhbərliyi altında tarixində ilk dəfə olaraq dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Fransalı mütəxəssis komandaya 2022-ci ildən rəhbərlik edir.
Xatırladaq ki, ilk dəfə 48 milli komandanın iştirakı ilə keçirilən bu dünya çempionatı eyni anda üç ölkənin - ABŞ, Kanada və Meksikanın ərazisində təşkil olunur. Nüfuzlu turnirə iyulun 19-da yekun vurulacaq.