Azərbaycanın iki futbol klubu - "Neftçi" və "Sumqayıt" heyətlərini yeni futbolçularla gücləndirib.
Oxu.Az xəbər verir ki, "Neftçi" Macarıstanın ZTE klubunda çıxış edən 25 yaşlı hücumameylli yarımmüdafiəçi Alen Şkribeki transfer edib. Bakı təmsilçisi futbolçu ilə 2+1 illik müqavilə imzalayıb.
Şkribek karyerası ərzində yalnız Macarıstan klublarında çıxış edib. Onun son komandası ZTE olub. Futbolçu 2026/2027 mövsümündə ölkə çempionatının ilk üç turunda meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.
O, ötən mövsüm ZTE-nin heyətində 37 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Universal futbolçu olan Şkribek yarımmüdafiənin mərkəzində və "10 nömrə" mövqeyində çıxış edə bilir. Hər iki ayağından istifadə edən oyunçu sağ və sol cinah yarımmüdafiəçisi kimi də oynayır.
Macarıstanlı futbolçu 2023/2024 mövsümündə "Pakş"ın heyətində ölkə kubokunun qalibi olub.
Şkribek 2021-2022-ci illərdə Macarıstanın U-21 millisində 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Sumqayıt" isə braziliyalı müdafiəçi Renan Santananı heyətinə cəlb edib.
Klubdan verilən məlumata görə, 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Santananın son klubu Portuqaliyanın "Famalikao" komandası olub. "Atletiko Mineyro" klubunun yetirməsi olan müdafiəçi "Sumqayıt"da 5 nömrəli formanı geyinəcək.

"Kəpəz" növbəti transferini həyata keçirib.
Klubdan Oxu.Az-a verilən məlumata görə, "sarı-göylər" 32 yaşlı qapıçı Rəşad Əzizli ilə müqavilə imzalayıblar.
Sözləşmənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Rəşad Əzizli ötən mövsüm "Səbail"in formasını geyinib.

"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, Olabiran Blessinq Muyiva "sarı-göylər"in formasını geyinəcək.
Nigeriyalı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
"Benito" ləqəbli 27 yaşlı vingerin son klubu Kipr "Akritas"ı olub.
