Argentina milli komandasının kapitanı və hücumçusu Lionel Messi illər öncə İspaniya yığmasının forvardı Lamin Yamalı körpə ikən çimizdirdiyi fotonu tarixin heyrətamiz təsadüfü adlandırıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, ulduz futbolçu bu barədə mətbuat konfransı zamanı açıqlama verib.
Qeyd edək ki, bir müddət əvvəl sosial platformalarda Messinin bir neçə aylıq olan Yamalı çimizdirdiyi foto yayılmışdı. Bildirilir ki, foto 20 il əvvəl Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) layihələrindən biri üçün çəkilmişdi.
"Bu kadrlar həqiqətən də ağlasığmazdır. Mən onunla hələ körpə olanda bu şəkli çəkdirmişdim, indi isə dünya çempionatında qalib gəlmək üçün qarşı-qarşıya gələcəyik. Bu, doğrudan da, inanılmaz bir hadisədir", - deyə argentinalı hücumçu qeyd edib.
"Heç bir şübhə yoxdur ki, o, hazırda dünyanın ən güclü futbolçuları sırasındadır. Ona böyük müvəffəqiyyətlər arzu edirəm. Çünki onun uğur qazanması "Barselona" klubu üçün də müsbət haldır. Lakin biz möhtəşəm bir matç nümayiş etdirmək və onun maksimum bacarığını sərgiləməsinin qarşısını almaq üçün əlimizdən gələni əsirgəməyəcəyik, hərçənd ki, bunu etmək olduqca çətindir. Məqsədimiz təkcə Lamini yox, bütünlükdə İspaniya millisini dayandırmaqdır. Onların heyətində çox yüksəksəviyyəli oyun nümayiş etdirən güclü futbolçular yer alır", - deyə Messi fikirlərinə əlavə edib.
Məlumat üçün bildirək ki, dünya çempionatının finalında Argentina və İspaniya komandaları üz-üzə gələcək. Görüş iyul ayının 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı İst-Raterford şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.