İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniya ərazisində yerləşən Əl-Əzraq aviabazasına zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə barədə "Tasnim" agentliyi SEPAH-a istinadən məlumat yayıb.
Hərbi qurumun bəyanatında bildirilir ki, SEPAH qüvvələri tərəfindən İordaniyanın Əl-Əzraq bölgəsindəki ABŞ aviasiya bazasına və qırıcı sığınacaqlarına eyni vaxtda sarsıdıcı pilotsuz raket zərbələri həyata keçirilib.
SEPAH-ın yaydığı məlumata görə, hücum nəticəsində iki qırıcı və üç təyyarə məhv edilib, bir neçə digər hava gəmisinə ciddi ziyan dəyib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki Şeyx-İsa aviabazasında yerləşən ABŞ-nin hərbi obyektlərini növbəti dəfə bombaladığını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası SEPAH-a istinadən məlumat yayıb.
"Bir neçə saat əvvəl İran ordusunun pilotsuz uçuş aparatları Bəhreyndə ABŞ ordusuna məxsus təyyarə anqarlarına, yanacaq çənlərinə, o cümlədən bir neçə rabitə qovşağına zərbələr endirib", - deyə SEPAH-dan bildirilib.
Qeyd olunur ki, hücuma məruz qalan aviabaza ABŞ-nin regiondakı hərbi hava və dəniz qüvvələrinin əməliyyatları üçün ən mühüm mərkəzlərindən biri hesab edilir.
Bəhreyn ərazisində isə gün ərzində dördüncü dəfə hava həyəcanı siqnalı verilib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Həyəcan siqnalı işə düşüb. Vətəndaşları və sakinləri təmkinli olmağa, ən yaxınlıqdakı təhlükəsiz yerlərə sığınmağa çağırırıq", - deyə nazirlikdən xəbərdarlıq olunub.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-yə məxsus hərbi obyektləri məhv etdiyini açıqlayıb.
Oxu.Az SEPAH-ın məlumatına istinadən xəbər verir ki, zərbələr nəticəsində ABŞ-nin pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbar vurulub.
Həmçinin SEPAH İranda hədəflərə yönəlmiş zərbələr üçün istifadə edildiyi iddia olunan "əsas süni intellekt mərkəzinin" tamamilə məhv edildiyini bildirib.
SEPAH-ın məlumatına görə, hücum zamanı İran Silahlı Qüvvələri ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edib.