Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Misli Premyer Liqasına yüksəlmə ehtimalı olan komandaların stadionlarındakı SON VƏZİYYƏT
AFFA İcraiyyə Komitəsinin yeni mövsümdən etibarən Misli Premyer Liqasında 12 komandanın mübarizə aparması ilə bağlı qəbul edilən qərarından sonra I Liqada çıxış edən klublarımız stadionlarda bəzi problemlərin aradan qaldırılması üçün işlərə start veriblər.
Oxu.Az xəbər verir ki, "Karvan", "Mingəçevir" və "İmişli" klubları stadionlardakı bəzi problemlərin yeni mövsümədək aradan qaldırılması üçün işlərə start veriblər.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlmasında "Karvan" klubunun mətbuat katibi Bəhruz Musayev bildirib ki, stadionda təmir-bərpa işlərinə başlanıb və yeni mövsümün əvvəlinə kimi bu prosesin başa çatması nəzərdə tutulub.
"Bəli, stadionla bağlı müəyyən problemlər var. Peşəkar Futbol Liqasının əməkdaşları tərəfindən də baxış keçirilib və lazımi tapşırıqlar verilib. 2004-cü ildə istifadəyə verilən stadionda yenidənqurma işləri aparılacaq. Ot örtüyü ilə bağlı bəzi işlər görülüb, müəyyən qeydlər olunub və bərpa işlərinə başlayacağıq. Əgər Premyer Liqaya vəsiqə qazansaq, stadionla bağlı heç bir problem olmayacaq. Stadionumuzun ərazisində yeni baza inşası başa çatmaq üzrədir. Martın sonu, aprelin əvvəli bazanın açılışı olacaq. Digər problemlər isə yaxın günlərdə aradan qaldırılacaq", - deyə B.Musayev bildirib.
Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən "İmişli" klubunun icraçı direktoru Aqşin Mürsəlov bildirib ki, stadionun hazırkı vəziyyəti I Liqada çıxış etmək üçün normal sayılsa da Premyer Liqada oynamaq üçün yetərli deyil.
"Stadionumuzun hazırkı vəziyyəti I Liqada mübarizə aparmaq üçün qənaətbəxş hesab olunur. Lakin, Premyer Liqaya yüksəlsək ot örtüyü və digər problemlərlə bağlı işlər görməli olacağıq. İstər ot örtüyü, istərsə də azarkeş tribunasında yenidənqurma işlərinə ehtiyac var. Peşəkar Futbol Liqasının əməkdaşları ilə görüşüb problemləri nəzərdən keçirdik və elitaya yüksələcəyimiz təqdirdə bütün problemləri aradan qaldırmağa çalışacağıq. Təbii ki, bunlar maliyyə məsələsinə dayanan hallardır. Hazırda maliyyə baxımından bu problemlərin hamısını aradan qaldırmaq elə də asan deyil. Stadionun ot örtüyünün dəyişdirlməsi üçün "Qəbələ" klubunun ot örtüyü məsələsina cavabdeh mütəxəssisi ilə görüşdük. Onun təcrübəsindən yararlanaraq ot örtüyünü dəyişəcəyik. Hazırda I Liqada azarkeş azlığının səbəbi infrastrukturun aşağı olması yox, görüşlərin həftəiçi keçirilməsi ilə bağlıdır. Həftəiçi keçirilən görüşlərə 2 000 və ya 2 500 azarkeş gəlirsə, əminəm ki, Premyer Liqaya yüksələndə və görüşlər həftəsonu keçiriləcəyi təqdirdə stadionda azarkeş əlindən tərpənmək olmayacaq. Nəzərə alsaq ki, biletləri biz pulla satırıq və bu qədər azarkeş gəlir, Premyer Liqaya yüksələndə daha çox fanatın stadiona axın edəcəyini demək olar. Bu komandaya dəstək tək İmişli camaatından deyil, Araz bölgəsini təmsil edən yeganə klub olduğumuz üçün Beyləqan və Saatlıdan da azarkeşlər oyunları izləmək üçün gəlirlər. Gələcəkdə uşaq futbolu və futbol akademiyasının inkişafı üçün də bəzi işlər görəcəyik".
Anar Həsənov