"Kəpəz"in yeni baş məşqçisi əcnəbi ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a Gəncə klubunun İdarə Heyətinin üzvü Fərman Əlizadə məlumat verib.
O, bu gün istefaya göndərilən Adil Şükürovun əvəzinə yeni baş məşqçi axtarışlarına başladıqlarını deyib:

"Bir neçə baş məşqçi barədə düşüncələr var. Onlar arasında əcnəbilər də yer alıb. Təbii ki, adlarını çəkə bilmərik, bu, etik olmaz. Komandanı düşdüyü çətin vəziyyətdən çıxara biləcək baş məşqçi axtarışındayıq. Seçimimizin doğru olacağına inanırıq. İnşallah, bu həftə yeni baş məşqçinin adı açıqlanacaq".
F.Əlizadə "Kəpəz"i Misli Premyer Liqasının VI turunda "Turan Tovuz"la oyuna əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanov və klubun koordinatoru Vasif Vəliyevin hazırlaşdırdığını da bildirib.
Qeyd edək ki, V turda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzan qərb təmsilçisinin baş məşqçisi Adil Şükürovun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Hesabında xal olmayan "sarı-göylər" turnir cədvəlində sonuncu - 12-ci pillədə qərarlaşıblar.
Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk baş məşqçi istefası reallaşıb.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, "Kəpəz" çalışdırıcısı Adil Şükürovla yollarını ayırıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna komandanın cari mövsümdə sərgilədiyi oyun və uğursuz nəticələr səbəb olub. Komanda Premyer Liqanın son turunda səfərdə "Qəbələ"yə 3 cavabsız qolla uduzub. O, qarşılaşmadan sonra azarkeşləri təhqir də edib.
İstefa ilə bağlı qərarın bu gün açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Adil Şükürov bu mövsümün əvvəlində "Kəpəz"in baş məşqçisi təyin olunmuşdu. O, daha əvvəl 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi komandaya rəhbərlik edib.