Azərbaycan milli komandasının üzvü Nəriman Axundzadənin forma geyindiyi ABŞ-nin "Kolambus Kryu" klubunda baş məşqçi ayrılığı yaşanıb.
Oxu.Az xəbər verir ki, klub rəhbərliyi gözlənilən nəticələri verməyən Henrik Ridströmlə əməkdaşlığa son qoymaq qərarına gəlib.
"Təəssüf ki, mövcud imkanlardan tam yararlana bilmədik və nə klubumuzun, nə də sadiq azarkeşlərimizin layiq olduğu nəticələri əldə etdik. Biz əminik ki, çempionluq uğrunda davamlı mübarizə apara biləcək kifayət qədər istedadlı futbolçulara sahibik. Mövsümün qalan oyunlarını nəzərə alaraq hesab edirik ki, bu dəyişiklik bizi əsas hədəfimizə aparacaq ən doğru addımdır", - deyə klubun baş meneceri İssa Tall bu qərarın arxasında dayanan səbəbləri izah edib.
50 yaşlı mütəxəssisin gedişindən sonra komandanın sükanı müvəqqəti olaraq Loran Kurtuaya həvalə edilib. O, yeni rəsmi təyinatadək baş məşqçi postunun səlahiyyətlərini icra edəcək.
Xatırladaq ki, Henrik Ridström bu vəzifəyə 2026-cı il yanvarın 1-də gətirilmişdi. "Kolambus Kryu" klubu MLS-də 14 turdan sonra 13 xalla Şərq Konfransında 15 komanda arasında 13-cü pillədə qərarlaşıb.
