Futbol üzrə Fransa millisinin kapitanı Kilian Mbappe müqaviləsini yeniləməkdən imtina etdikdən sonra pis rəftara görə PSJ klubundan 263 milyon avro təzminat tələb edib.
Oxu.Az bu barədə "Le Monde" nəşrinə istinadən xəbər verir.
Eyni zamanda, Paris təmsilçisi də 240 milyon avroluq qarşılıqlı iddia qaldırıb. Klub hücumçunu "Əl-Hilal"a daha böyük məbləğlə transferini pozmaqda ittiham edib.
Məhkəmə prosesi noyabrın 17-də Parisin əmək mübahisələri üzrə məhkəməsində başlayıb.
2023/24 mövsümünün əvvəlində Mbappe yeni müqavilə bağlamaqdan imtina etməsi səbəbindən klubun onu oyunlardan kənarlaşdırdığını və satmağa çalışdığı oyunçularla məşq etməyə məcbur etdiyini iddia edən şikayət ərizəsi təqdim edib.
PSJ öz növbəsində Mbappeni Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə 300 milyon avroluq transfer müqaviləsini pozmaqda günahlandırır. O, sözügedən kluba keçməkdən imtina edib.
Qeyd edək ki, 2024-cü ildə Mbappe "Real Madrid"ə azad agent transfer olub.