Anar Həsənov yazır...
UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparan təmsilçimizin "Dinamo Zaqreb"lə səfər matçı gözlənilənin tam əksi ilə nəticələndi.
"Ludoqorets"lə matçlarda bütün gücündən istifadə edən "Qarabağ" həm psixoloji, həm də fiziki olaraq yorğun düşmüşdü. Komanda zaqreblilərlə qarşılaşmalara hazır deyildi, bu da tam açıq görünürdü. Bəlkə də hazır idi, amma təmsilçimizin heyətindəki itkilər görüşün gedişatına təsir etdi. Bu qədər epizodu qaçırmaq, sona yaxın isə, ümumiyyətlə, müqavimət göstərə bilməmək məhz elə həmin amillərlə bağlıdır.
Azı 5 matçlıq qol imkanı əldən verildi. Futbol isə belə şeyləri bağışlamır. "Qarabağ"ın "Dinamo Zaqreb"lə görüşündə futbolun "vurmayana vurarlar" prinsipi işə düşdü. "Dinamo" xüsusi heç nə eləmədi, səbirli davrandı, gücünü və imkanlarını 90 dəqiqəyə düz böldü. Bu isə böyük təcrübədən irəli gələn bacarıqdır. Komandamızın görüşün ilk hissəsinin son dəqiqələrdəki və fasilədən sonrakı oyununa diqqət yetirsək, "Dinamo"ya ən azı üç qol vura biləcəyimizi düşünə bilərik. Amma "Qarabağ" futbolçuların tamamlayıcılığının olmaması görüşün taleyini həll etdi. Müdafiə xəttində yaranan problem isə aşkar görünürdü.
Qapımıza vurulan üç qoldan ikisi qapıçıdan dönən topdan sonra oldu. Bu isə müdafiə xəttindəki yanlış futbolçu bölgüsündən asılı idi.
Sağ cinahımız lazımi qədər effektiv deyildi, oradan istədiyimiz təzyiqi edə bilmirdik. Leandro içəri çox girirdi, Mateus isə qoşulduğu hücumlarda çeviklik nümayiş etdirə bilmirdi. Faktiki bir cinahla oynadıq, ikinci qol da oradakı boşluqdan vuruldu. Sonrası isə artıq "ipin əldən çıxması" idi.
Patrik və Julio çox çalışdılar. Elə görüşün ən yaxşıları da məhz onlar idilər. Zubir və Juninyonun oyun tərzləri rəqib tərəfindən çözülmüşdü deyə cəhdlər elə yarıdaca kəsilirdi. Andrade iki metrdən topu başla çölə vururdu. Hətta TRT şərhçisi də bildirmişdi ki, bu epizodda topu çölə vurmaq daha çətindir, nəinki qapıya vurmaq. Səbəb nədir? Təcrübəsizlik? 10 ildir ardıcıl olaraq qruplarda oynayan komandaya "təcrübəsiz" demək olmaz. Ustalığın aşağı olması? Juninyo, Zubir, Benzia daha çətin epizodlardan qollar vurublar.
"Dinamo Zaqreb" isə necə bir təcrübəyə malik olduğunu iki hücuma vurduğu iki qolla göstərmiş oldu. Mahir Emrelinin də niyə bu komandada möhkəmlənə bilməməsinin səbəbi bəlli oldu. Bəlkə də "Dinamo Zaqreb" bizə məhz bunu göstərmək istədi.
Düzdür, hələ cavab matçı var, indidən "Qarabağ"ın üstündən xətt çəkməyək. Amma bir faktı da etiraf edək ki, bir qədər də böyüməliyik. Amma kimsə desə ki, "Qarabağ" pis oynadı, yalan demiş olar.
Amma əsas məsələ odur ki, "Qarabağ" doğma meydanda keçirəcəyi görüşə 0:3 hesabı ilə geridən başlayacaq. "Dinamo Zaqreb"lə qarşılaşmada geridönüş etmək möcüzə kimi görünə bilər, amma "Qarabağ" azərbaycanlı futbolsevərlərə möcüzələr yarada biləcəyini dəfələrlə göstərməyi bacarıb. İstər "Braqa" ilə görüşdə qalib gələrək, istərsə də "Bayer Leverkuzen" kimi məğlubedilməz və nəhəng komandanı büdrədərək.
Təmsilçimiz uzun illərdir Avrokuboklarda Azərbaycanı layiqincə təmsil edir. Bu səbəbdən də komandamıza uğurlar arzulamaq lazımdır.
Növbəti toxunulacaq məqam isə TRT kanalındakı şərhçinin "Qarabağ" görüşündə dediklərdir. Türkiyəli şərhçi hər dəfəsində "Qarabağ"ın hücum və müdafiəsi zamanı bizim komandaya xitabən "tez çıxmalıyıq", "müdafiədə ehtiyatlı oynamalıyıq ", "rəqibinin alanını yaxşı bağladıq" kimi ifadələrdən istifadə edirdi. Həmin ifadələr isə gözəl və səmimi görünürdü. Uğurlar, "Qarabağ"!