Qazaxıstan 2028 və ya 2029-cu ildə UEFA Konfrans Liqasının (KL) final oyununa ev sahibliyi etmək istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstan iki stadion üçün (Astana və Almatıda) təkliflər təqdim edib, lakin bunlardan yalnız biri son siyahıya düşəcək.
Qazaxıstan 2028-ci il KL-in finalına ev sahibliyi etmək hüququ uğrunda Fransa (Lill), Macarıstan (Budapeşt), İtaliya (Turin) və Polşa (Qdansk) ilə mübarizə aparacaq. Postsovet ölkəsi 2029-cu ildə keçiriləcək final uğrunda isə Finlandiya (Helsinki), Fransa (Lill), Macarıstan (Budapeşt), İtaliya (Turin) və Polşa (Qdansk) ilə rəqabət aparacaq.
Adıçəkilən ölkə indiyədək heç vaxt avrokuboklarda final matçına ev sahibliyi etməyib. UEFA İcraiyyə Komitəsi 2026-cı ilin sentyabrında final oyunlarına ev sahibliyi edəcək ölkələrin adlarını açıqlayacaq.
Xatırladaq ki, KL-in finalı 2026-cı ildə Leypsiqdə (Almaniya) 2027-ci ildə isə İstanbulda (Türkiyə) keçiriləcək.