Qolfun yaranma tarixi yetərincə dumanlıdır və çoxsaylı diskussiyaların mənbəyi olub. Bu, Avropada orta əsrlərdə məşhur olan top və çubuq ilə oynanılan oyunlar silsiləsindəndir.
Qolfun unikal elementlərindən çoxu isə Şotlandiyanın şərqində, Fert-of-Fort körfəzi boyu şəhərlərdə orta əsrlərdə keçirilən yarışlarda meydana çıxıb.
Qolf 19-cu əsrin sonunda Şotlandiyadan Birləşmiş Krallığa, sonra Britaniya İmperiyasına və Birləşmiş Amerika Ştatlarına yayılıb.
“Erkən qolf” adlı kitabında Stiven Van Hengel qolfa oxşayan oyunu təsvir edib, bu oyun 1297-ci ildə fevral ayının 26-da Niderlandda Kronenburq yaxınlığında Loenen-an-de-Vext şəhərində keçirilib.
Oyunçular mümkün qədər sayca çubuqla az zərbə vuraraq topla qəsrin qapısına vurmalı idilər. Oyun qolf və ya kolf (dəyənək, çubuq) adlanırdı.
Qolfun yaranması haqqında mübahisələr periodik olaraq yenidən gündəmə gəlir. 2005-ci ildə Lançjous universitetinin professoru Linq Honlinq öz araşdırmasında sübut edirdi ki, hələ 500 il bundan öncə qolfun Şotlandiyada adı çəkilənə qədər, cənubi Dinastiya Tanın dövründə (937-975) qolfa bənzər – çuyvan oyunu məlum idi, bu oyunu orta əsrlərdə Avropaya monqol səyahətçiləri gətirib.
Yenə də qolfun şotland əsilli olduğu ümumi qəbul edilən faktdır. Qolfun ilk sənədli xatırlanması şotland parlamentinin 1457-ci il qanununda rast gəlinir. Şotlandiya kralı II Yakov qolf və futbol oynamağı qadağan etmişdi, belə ki, bu oyunlar yaydan oxatmanı hərbi məşqlərdən yayındırırdı. Sonradan isə qolf dəfələrlə qadağalarla üzləşib, hətta IV Ykovun zamanında belə, baxmayaraq ki, Pertaya səfər zamanı qolf çubuğu və toplar alınıb.
Qolf üçün ən qədim sahə Masselburqdakı Old Links hesab edilir. Hüquqşünas Con Foulisin yazılarından belə görünür ki, o bu sahədə 1672-ci ilin mart ayının 2-də oynayıb, amma bəzi mənbələrdə isə Şotlandiya kraliçası Mariya Stüart burada 1567-ci ildə qolf oynadığı üçün siyasi rəqibləri tərəfindən “qadına layiq olmayan” işlə məşğul olması ilə ittiham edilib.
1603-cü ildə Şotlandiya kralı VI Yakov İngiltərə taxtına sahib olduqdan sonra (onun oğlu Henri, Uels şahzadəsi Blekhit saray əyanları ilə qolf oynayırdı. Kral Blekhit qolf klubu öz başlanğıcını burdan götürüb) qolf İngiltərədə populyarlıq qazandı.
Şotland əsgərləri, ekspatriantları və mühacirləri 18-ci əsrin sonu 19-cu əsrin əvvəlində qolfu yalnız Britaniya koloniyalarında deyil, eləcə də bütün dünyada məşhur etdilər. Məsələn, Kəlküttənin Kral qolf-klubu Britaniya adalarının sərhədlərindən kənarda olan qədim klublardandır, Fransanın cənubi-qərbində yerləşən Pau qolf-klubu isə (1856) Avropanın qədim klubudur.
Amma Şotlandiyanın hüdudlarından kənarda qolf əsl populyarlığı 19-cu əsrin ikinci yarısında qazandı.
19-cu əsrin ortasında Şotlandiyanın tarixinə və mədəniyyətinə maraq, bununla əlaqədar isə turist axını da artdı. Bu Valter Skottun ədəbi yaradıcılığı ilə maraqlanan oxucuların sayının artması, Aberdinşirdə kral rezidensiyasının tikilməsilə və Edenburq arasında müntəzəm dəmiryol qovşağının quraşdırılması ilə əlaqədar oldu.
Təxminən bu aralarda qolf üçün yeni top hazırlandı, o tük ilə doldurulmuş dəri toplardan fərqli olaraq möhkəm, bərk eləcə də istehsalda ucuz idi.
Tədricən Britaniya adalarında hər yerdə qolf oynamağa başladılar. 1880-ci ildə Britaniyada qolf üçün 12 sahə var idi. Sahələrin sayı 1887-ci ildə olan 50-dən 1914-cü ildə 1000-ə çatdı.
Ənənəvi olaraq qolf yalnız zənginlər üçün olan idman növü hesab edilir, amma əslində bu, heç də belə deyil. Bütün dünyada qolf ən kütləvi yay idman növüdür. Peşəkarlarla yanaşı həvəskarlar da - fəhlələr, biznesmenlər, ev sahibələri, uşaqlar, yaşlılar ümumiyyətlə, bütün təbəqələrin nümayəndələri qolf oynayır. Həm də çox vaxt eyni sahədə və eyni zamanda. Qolf yaş məhdudiyyəti olmayan idman növüdür, məsələn, qolf üzrə “British Open” çempionatında ikinci yeri tutan Tom Uotsonun 59 yaşı var, bu isə dünya miqyaslı ən prestijli peşəkar qolf turniridir. Bir çox ölkələrdə uşaqlar 14 yaşından qolf oynayır və ödənişsiz təlim keçirlər.
İstənilən idman növü xüsusi geyim, idman inventarı tələb edir. Qolf üçün isə təchizat mütləq deyil ki, bahalı olsun. Başlanğıc üçün heç də baha olmayan qolf çubuqları ilə oynamaq olar. Qolfda müxtəlif zərbələr üçün müxtəlif çubuqlardan istifadə edilir, dəstdə 14 çubuq olur.
Bir qədər qolf oyunu haqqında – bu ən demokratik idman növüdür, oyun təbiət qoynunda keçirilir, əsasən ekoloji təmiz rayonlarda. Oyun vaxtı 4-5 saat çəkir. Oyun üçün komanda 2-4 nəfər olur. Qolf oynamaq üçün əsas ünsür qolf etiketinin olmasıdır. Qolf əsl centlmen və ledilərin oyunudur, onun etiketi isə heç bir dəyişikliyə uğramayan mühafizə edilən ənənədir. Bu hər şeydən öncə yaxşı davranış, səliqəli geyim, partnyor və rəqiblərə hörmətlə yanaşma, sahədə qaydalara riayət deməkdir.
Hər oyunda iştirakçı müəyyən sayda dəlikləri dəf etməlidir. Standart sahənin uzunluğu 6 kilometr, dəliklərin sayı isə 18-dir, zərbələrin sayı 72-dir (yaxşı qolfçu bu sayda zərbə ilə sahəni keçməlidir). Qolf-sahədə müxtəlif maneələr – su maneələri, torpaq bunkerləri, kollar, ağaclar, hündür ot mövcud ola bilər. Hər bir qolf sahəsi təbiət və qolf memarı tərəfindən yaradılmış gözəl təbiət landşaftıdır. Dünyada iki dənə eyni qolf sahəsi yoxdur.
Bir çox ölkələr Avropada qolfun inkişafı dövrünü yaşayırlar, məşhur dağ-xizək kurortları yayda istifadə edəcəkləri öz qolf sahələrini tikirlər.
Vacib peşəkar kişi turnirlərinə Masters, Açıq ABŞ çempionatı (US Open), Açıq Britaniya Çempionatı (The Open Championship) və Peşəkar Qolf Assosiasiyasının çempionatı aiddir (PGA Championship).
Qolf üzrə Olimpiya yarışları yalnız 1900 və 1904-cü illərdə keçirilib. Və yalnız 2009-cu ildə qolf 2016-cı ildə yay olimpiya oyunlarına namizəd olan idman növləri siyahısına düşdü.
Bu idman növünün 2012-ci il Olimpiya oyunları siyahısına daxil edilməsi üçün keçirilən səsvermədə təklifi qəbul edilməyib. Sonra isə qolfun 2016-cı il Olimpiya oyunları proqramına daxil olması müzakirə olunub və BOK 9 oktyabr 2009-cu il tarixində keçirilən 121-ci sessiyasında (63 səs lehinə və 27 səs əleyhinə) qəbul olunub.
Bizim ölkəmiz son iki ildə qolfu fəal şəkildə inkişaf etdirir və bu istiqamətdə heç də az nailiyyət qazanmayıb. Məsələn Qubada olan Milli qolf-klub ən yaxşı qolf-klublardan biri hesab edilir və Cənubi Qafqazda yeganə qolf-klubdur. Bu ilin iyun ayında həvəskar oyunçular arasında ilk qolf turniri keçirildi, 30 iyul tarixində isə prestijli Azerbaijan Open Challenge turniri start götürürü bu turnirdə iştirak etmək üçün müxtəlif ölkələrdən 156 məşhur peşəkar qolfçu gələcək.
Bundan başqa, Azərbaycan Qolf Federasiyası qarşısına qolf üzrə Azərbaycan komandasının 1904-cü ildən sonra ilk dəfə qolfun təmsil ediləcəyi 2016-cı il Olimpiya oyunlarında iştirak etməsini təmin etmək kimi ambisiyalı bir məqsəd qoyub. İndi bu istiqamətdə ciddi iş aparılır, bunun sayəsində ölkəmiz artıq bir neçə ildən sonra ən prestijli beynəlxalq yarışlarda iştirak edə biləcək.