“Qrupda son oyunumuzdu. Nəticə baxımından razı olmasaq da, bu turnir bizim üçün böyük təcrübə oldu. Sabahkı oyunda da düzgün, ciddi mübarizə aparmağa çalışacağıq. Ola bilər ki, “Roma”nın şansı bu oyunla bağlı olsun. Futbolçular ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Çempionlar Liqasında hansı səviyyəyə çatdıqlarını göstərmək üçün böyük şans olacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Roma” ilə keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl mətbuat konfransında deyib.
Qurban Qurbanov bildirib ki, belə bir oyunda 3 əsas müdafiəçinin və Pedro Enrikenin olmaması böyük problemdir.
Baş məşqçi qeyd edib ki, qrupa düşəndə bəlkə də, hamı fikirləşirdi ki, biz xal toplamayacağıq.
“Amma “Atletiko”dan 2 xal götürdük. Qazancımız belə ölkələrin Bakıya gəlməsi idi. Uduşlarımız çoxdur. Həm “Qarabağ”, həm də Azərbaycan futbolu böyük təcrübə qazandı. Razıyam. Amma bəzi problemlər olmasaydı, daha böyük nəticələr göstərə bilərdik”, - deyə “Qarabağ”ın çalışdırıcısı bildirib.
S.B.
www.oxu.az