“Mövsümün əvvəlində qarşımıza çempionluq hədəfi qoymuşduq. Baxmayaraq ki, Premyer Liqanın bitməsinə bir neçə tur qalmış çempionat dayandırıldı, ikinci pillə ilə aramızda səkkiz xal fərq var idi və çempion olmaq şansımız çox idi. Buna uyğun olaraq, AFFA İcraiyyə Komitəsi çempionatın dayandırılmasına və qalibi müəyyənləşdirməyə qərar verdi”.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, ardıcıl yeddinci dəfə ölkə çempionu olan futbolçularını təbrik edib:
“Futbolçularımı təbrik edirəm, ardıcıl yeddi il çempion olmaq çox yaxşı göstəricidir. Neçə ildir, bu komandadayam, klub rəhbərliyi, futbolçularla və işçilərlə yeganə fikrimiz düzgün iş qurmaqdır. Bunu da klubda hər kəs dərk edir, bu stabillikdə hamının əməyi var.
Bu çempionluğu qeyd etmək hamının haqqı idi, təbrik edirəm. Dəfələrlə demişəm ki, hər bir uğuru əldə etdikdən sonra bizim məsuliyyətimiz daha da artır. Bu çempionluğun özəl bir cəhəti var: ardıcıl yeddinci dəfə Azərbaycanda çempion olduq. Baxmayaraq ki, ağır dövrdür, çətinliklər çoxdur. Biz də öz işimizi dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində, həm də peşəkarlıqla görməyə çalışırıq.
Çalışacağıq ki, qarşıdakı vaxtdan düzgün istifadə edək. Düzdür, sıxıntılarımız olacaq, komanda uzun müddətdir rəsmi oyunlara çıxmır. Avqustun 17-də Çempionlar Liqasının təsnifat mərhələsi başlayır. O vaxta qədər düzgün plan qurmalıyıq.
Çempionat başa çatsa da, bizim üçün ən çətin dövr başlayır. Həm transfer dönəminə start verilir, həm də rəsmi oyunlarsız Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmağa daha çox vaxt sərf eləmək lazım olacaq.
Bu infeksiya bütün dünyada yayılıb. Hər bir halda çalışacağıq ki, düşdüyümüz vəziyyəti qəbul edib, buna uyğun mövqe tutaq və düzgün hazırlaşaq.
Azarkeşlərimizin hər birini təbrik edirəm, onlar bu çempionluğu, bəlkə də, bizdən çox gözləyirdilər”.