Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu milli komandadakı karyerasını başa vurmaq qərarını açıqladıqdan sonra vida matçı keçirmək təklifini rədd edib.
Oxu.Az "Observador" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası futbolçu üçün xüsusi vida oyunu təşkil etməyi təklif edib.
Lakin Ronaldu sonuncu dəfə meydana çıxmaq üçün milliyə qayıtmaq istəmədiyini bildirib.
Noyabrın 5-də Ronaldu ilə Portuqaliya millisinin baş məşqçisi Jorji Jezuş arasında telefon danışığı planlaşdırılsa da, bu, baş tutmayıb. FPF prezidenti Pedru Proensa söhbətdə vasitəçi kimi iştirak etməli idi.
Məlumata görə, hücumçu artıq baş məşqçi ilə danışmaq istəmir.
Portuqaliya Futbol Federasiyası milli komanda karyerasını bitirən Kriştianu Ronaldu üçün xüsusi vida mərasimi keçirməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə federasiyanın açıqlamasında bildirilib.
Qurum 41 yaşlı futbolçu üçün xüsusi vida mərasimi keçirməyi nəzərdə tutur. Hələlik tədbirin hansı formatda təşkili məlum deyil.
"Federasiya bu gedişin ehtiram göstərilmədən baş verməsinə imkan verməyəcək. Kriştianu Ronaldunun möhtəşəm karyerasına layiq tədbir təşkilində qətiyyətliyik. Bu mərasim azarkeşlərə və bütün xalqa saysız-hesabsız töhfələr vermiş futbolçuya minnətdarlıq bildirmək və onunla vidalaşmaq üçün fürsət yaradacaq", - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Kriştianu Ronaldu bu gün sosial şəbəkə hesabında paylaşım edərək 23 il çıxış etdiyi Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, yığmanın heyətində 234 oyuna 146 qol vurub.