"Qarabağ"la səfərdə oynamaq çox çətindir".
Oxu.Az xəbər verir ki, bu barədə "Qarabağ" - "Neftçi" oyunundan sonra mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.
O bildirib ki, belə oyunlarda çoxlu epizod yaratmaq mümkün deyil:
"Qarabağ"ın səviyyəsi barədə danışmaq artıq olar. Bu, hər kəsə məlumdur. Penalti qərarı barədə razı deyiləm. Belə oyunlarda o epizodlara penalti qərarı verilməməlidir. Fikrimcə, oyunçu zərbədən yıxılmadı. Müdaxilə var idi, lakin penalti veriləcək qədər deyildi".
S.Abasov komandasının oyunundan razı qaldığını deyib:
"Komanda yeni qurulmuş komandadır. Biz "nəyi daha yaxşı edə bilərik?" sualının üzərində düşünüb inkişaf etməyə davam edəcəyik".
Baş məşqçi Emin Mahmudovun zədəsi barədə də danışıb:
"Emin Mahmudovun oyundan əvvəl zədəsi var idi və birinci hissədən sonra dəyişiklik barədə qərar verdik".
"Biz dəyişiklikləri bir az səbirlə, gözləyərək etdik. Bütün planlarımız Emin Mahmudovun meydandan çıxması ilə pozuldu. Düşünmürəm ki, əvəzetmələri gec etdik. Lakin məcburi dəyişiklik planlarımızı pozdu", - deyə Samir Abasov qeyd edib.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Murad Nəsimi