“Ölkə başçımız, böyük rəhbərimiz İlham Əliyevin dəvəti ilə biz onun qəbulunda idik. Möhtəşəm görüş oldu. Sağ olsun, klubumuza olan inamını, dəstəyini yenilədi və bizə çox gözəl söz dedi”.
Oxu.Az-ın xəbərinə görə, bunu “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl deyib.
T.Gözəl bu gün ölkə başçısı ilə baş tutan görüşdən danışıb:
“Azərbaycanın flaqmanı, Azərbaycanı tanıdan, başını ucaldan klub sizsiniz” dedi. Əlbəttə, bu da bizim üçün çox böyük şərəfdir. Eyni zamanda “İnter”lə oyunda olduğu kimi təkrar olunan böyük ədalətsizliyə işarə etdi. Bundan çox böyük təəssüf hissi yaşadığını və bu ədalətsizliklə barışmayacağını, barışa bilmədiyini dilə gətirdi. Dedi ki, mən siz klub rəhbərlərini başa düşürəm. İşinizi davam etdirməlisiniz. Amma bunu qəbul etmək mümkün deyil. Dedi ki, hər zamankı kimi sizi dəstəkləyirəm, sizin arxanızda durmuşam. Azərbaycan xalqı “Qarabağ”ın uğurunu bilir və siz yolunuza davam edin”.
Klub prezidenti ölkə başçısının “İmarət” stadionu barədə tapşırıq verdiyini də qeyd edib:
“Görüşdən sonra da “İmarət” stadionu ilə bağlı danışdıq. Dövlət qurumlarına, idman nazirimizə tapşırdı ki, stadionla bağlı işlər davam etdirilsin. “Qarabağ”dan da məsləhət istədi. Dedi ki, siz də kömək edin, qoşulun. Hələ tələsmirik, uzun müddətdə oraları bərpa edəcəyik. Ağdamı bərpa edəcəyik və “Qarabağ”ın oyunlarını orada keçirməsini arzu edib dilə gətirdi. Biz də hamımız sevinclə, məmnuniyyətlə buna qoşulacağımızı dedik. Çox gözəl, çox müsbət, mənəvi görüş oldu. Bu bizi olduqca ruhlandırdı.
O, Konfrans Liqasının pley-off mərhələsinin bugünkü püşkatması barədə fikirlərini də açıqlayıb:
“İndiki ən böyük arzum püşkdə “Fənərbağça” ilə düşməyimizdir. Mənim uşaqlıqdan ən böyük xəyalım odur. Mən Ankarada yaşayırdım. “Ankaragücü” ilə bir söhbətimiz oldu. Bir futbolçumuzu onlara məsləhət gördük, bu xəyalım gerçəkləşdi. İndi isə ən böyük xəyalım odur ki, “Fənərbağça” ilə rəqib olaq. Çünki öz xəyalımda deyirəm ki, iki qardaş ölkə prezidenti yan-yana bəlkə də həm Türkiyə, həm də burdakı matça birlikdə tamaşa etsinlər. Biz də bu oyundan zövq alaq. Bugünkü gündə xəyalım budur. Əlbəttə, klubuma xoş arzularım var. Ləyaqətli oyuna davam etsinlər. İnşallah, çalışaq ki, yeni rekordlara imza ataq və yolumuza davam edək”.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 17:00-da “Qarabağ”ın Avropa Konfrans Liqasında rəqibləri müəyyənləşəcək. Potensial rəqiblər arasında “Fənərbağça” da var.
Səbuhi Musa