"Son günlər vətəndaşların "WhatsApp" hesablarının digər cihazlarda aktivləşdirilməsi məqsədilə birdəfəlik təsdiqləmə (OTP) kodlarının göndərilməsi halları müşahidə olunur".
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu cür hallar istifadəçi hesablarının ələ keçirilməsinə yönəlmiş kiberhücum cəhdləri ilə əlaqəli ola bilər:
"Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşları şəxsi hesablarının təhlükəsizliyinə diqqətlə yanaşmağa, ikiaddımlı doğrulama funksiyasını aktivləşdirməyə, mürəkkəb və unikal PIN-kodlardan istifadə etməyə, həmçinin birdəfəlik təsdiqləmə kodlarını heç bir halda digər şəxslərlə paylaşmamağa çağırır. Unutmayın, rəqəmsal təhlükəsizliyiniz şəxsi məlumatlarınızın qorunmasından başlayır!"
