ABŞ-ın “Tesla” və “SpaceX” özəl şirkətlərinin yaradıcısı, məşhur ixtiraçı, iş adamı İlon Mask (Elon Musk) TED konfransı çərçivəsində özünün yeni şəhəraltı tunellər layihəsinin ilk videosunu təqdim edib.
Oxu.Az “Technote.az”a istinadən xəbər verir ki, sözügedən layihə şəhərlərdə olan tıxac problemini həll etmək üçün nəzərdə tutulub.
Yeni videodan məlum olub ki, avtomobilin həmin tunellərdən birinə daxil olması üçün o, xüsusi platformaya qalxmalıdır. Daha sonra platforma şaquli şəkildə avtomobili tunelə endirəcək. Tunel daxilində avtomobil özü yox, onu tunelə endirmiş platformaya bənzər digər platforma vasitəsilə lazımi yerə çatdırılacaq.
Avtomobili müəyyən yerə çatdıracaq platforma isə maksimum, saatda 207 km sürətlə hərəkət edə biləcək. Təyinat nöqtəsinə çatandan sonra avtomobili endirib-qaldıran platforma avtomobili tuneldən yer üzünə qaldıracaq.
Maskın sözlərinə əsasən, tunellər şəbəkəsi minimum 30 səviyyədən ibarət olacaq. Həmin səviyyələrdə avtomobillərdən başqa sürətli “Hyperloop” vakuum kapsulları da hərəkət edə biləcəklər.
Hal-hazırda İlon Maska məxsus “The Boring Company” şirkəti, “SpaceX”in Los-Anceles şəhərindəki ofisinin altında təqdimat üçün nəzərdə tutulmuş tunelin inşası ilə məşğuldur.
Tunel inşasının şirkət ofisi sərhədindən çıxması üçün İlon Mask hökumətdən icazə almalıdır.
Qeyd edək ki, Mask, tunellər barədə ilk dəfə 2016-cı ilin sonunda məlumat vermişdi. Onun sözlərinə əsasən, yollarda olan tıxaclar onu dəli edir.
U.A.
www.oxu.az