Bir müddət öncə cəmiyyətdə səs-küy doğuran məsələlərdən biri də ölkənin mobil operator şirkətlərində çalışan bir qrup şəxsin çoxsaylı abunəçilərinə dair fərdi məlumatları, o cümlədən abunəçilərin anket məlumatlarını, zəng tarixçələrindən çıxarışları, antenalar üzrə vətəndaşların olduqları yerlər və yerdəyişmələri və sair qapalı məlumatları çıxararaq SMS yazışmaları və müxtəlif gizli üsullarla digər şəxslərə ötürdükləri olmuşdu.
Bu istiqamətdə Azərbaycan vətəndaşları İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmistan oğlu saxlanıblar.
Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmistan oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu, istifadəçilərin informasiya təhlükəsizliyinin mobil şirkətlər tərəfindən necə qorunması məsələsini aktuallaşdırıb.
Oxu.Az bu məsələni Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz və yerli mobil operatorların özləri ilə araşdırıb.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün sözlərinə görə, mobil operatorlar tərəfindən istifadəçiyə məxsus informasiyaların bir başqasına ötürülməsi yalnız istisna hallarda ola bilər:
“Vətəndaşların informasiya təhlükəsizliyinin qorunmasından danışdıqda, burda iki məsələni ayırmaq lazımdır.
Məsələn, sizin haqqınızda olan məlumatlar bura daxildir - ad, soyad, email ünvanı və s. mobil operatorların sistemlərində saxlanılır. Mobil operator istəsə, bu halda sizə aid olan informasiyaları bir başqasına verə bilər ki, hansı ki, bu qanunvericiliklə doğru deyil.
Mobil operatorlara lisenziya verilən zaman onlar öhdəlik götürür ki, istifadəçilərə aid olan məlumatları kiməsə verməyəcəklər. Bu informasiyaların verilməsi isə hansısa şərtlər, müqavilələr çərçivəsində ola bilər.
İkinci bir nüans ondan ibarətdir ki, siz hansısa proqramdan (WhatsApp, Facebook Messenger) istifadə edərək yazışırsınız. Burada istifadəçilərin informasiya təhlükəsizliyinin qorunması məsələsi isə məhz həmin şirkətlərə aiddir. Mobil operatorlar bu məsələdə məsuliyyət daşımırlar.
Məsələn, “WhatsApp”, “Facebook Messenger”də yazışırsınız. Burada istifadəçilərin təhlükəsizlik məsələləri də məhz həmin şirkətlərin nə qədər güvənli olması ilə bağlıdır. Bununla belə, adıçəkilən şirkətlər isə dəfələrlə elan ediblər ki, onlar mütəmadi olaraq təhlükəsizlik tədbirləri görürlər və müxtəlif addımlar atırlar ki, yazışmaların təhlükəsizliyinə təminat versinlər.
Məsələn, siz “WhatsApp”da yazışan zaman görürsüz ki, sizin yazışmalarınız kodlaşdırılır. Yəni, bu o deməkdir ki, şirkət sizin informasiyalarınızı qoruyur. Amma biz zaman-zaman eşidirik ki, bütün bu təhlükəsizlik tədbirlərinə rəğmən bizim yazışmalarımız oğurlanır, maraqlı tərəflər bunu ələ keçirir”.
Onun sözlərinə görə, mobil operatorlar lisenziya şərtlərini pozduqda, bu halda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onlara xəbərdarlıq edərək lisenziya şərtlərinə əməl olunmasını tələb etməlidir:
“Mobil operatorlar lisenziya alanda orda müxtəlif şərtlər qeyd olunur. Məsələn, bu hansı ərazini əhatə etməlidir, hansı texnologiyadan istifadə etməlidir və s. Təbii ki, orda istifadəçinin maraqlarının qorunması ilə bağlı da şərtlər mövcuddur.
İstifadəçiyə aid olan məlumatları qeyri-qanuni şəkildə başqa bir tərəfə verməmək, onun informasiyalarını qorumaq, keyfiyyətli və dayanıqlı xidmət göstərmək bütün bunlar onların lisenziyalarında qeyd olunub.
Amma bəzən görürsən ki, heç bir qeyri-adi hadisə baş verməyib, amma lisenziyanın şərtləri pozulur. Siz keyfiyyətli xidmət ala bilmirsiniz. Bu da müqavilənin şərtlərinə ziddir, çünki orda mobil operatorlar dayanıqlı və keyfiyyətli xidmət göstərəcəkləri ilə bağlı müqaviləyə imza atıblar.
Təbii ki, bu halda ona lisenziyanı verən orqan nəzarət etməlidir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onlara xəbərdarlıq edərək lisenziya şərtlərinə əməl olunmasını tələb etməlidir”.
O.Gündüz həmçinin mobil operator şirkətlərində çalışan və Azərbaycanda Fətullah Gülənin tərəfdarlarının həbs olunması məsələsinə də münasibət bildirib:
“Son baş verən proseslərə gəldikdə isə, ümumiyyətlə, bunun kiminlə bağlı olmasından asılı olmayaraq, adi zəngin tarixi barəsində belə qarşı tərəfə informasiya ötürmək bunun özü belə artıq qanun pozuntusudur. Halbuki burada qarşı tərəf üçün danışılan məsələnin mövzusunun nə olması belə maraqlı deyil.
Məhkəmənin, istintaq aparan orqanın qərarı olmadan belə bir məlumatı vermək qanun pozuntusudur.
Ona görə də ekspert kimi tövsiyəm o ola bilər ki, istifadəçilər onlara gələcəkdə ziyan gətirəcək məlumatlardan həmin yazışmalarda istifadə etməməlidirlər”.
Ekspert istifadəçilərin informasiya təhlükəsizliyinin qorunmasının ilk öncə özlərindən başladığını da qeyd edib.
“İstifadəçilərin informasiya təhlükəsizliyinin qorunması ilk öncə onun özündən asılıdır. Yəni, özü öz təhlüksizliyinin qayğısına qalmalıdır. Birincisi, istifadəçi ona ziyan gətirə biləcək (məsələn, o sabah pul itirə bilər, biznesinə ziyan dəyə bilər və yaxud cəmiyyət içində imicinə ziyan dəyə bilər) məlumatları paylaşmamalıdır.
İkincisi, istifadəçilər daha güvənli proqramlardan istifadə etməlidirlər.
Məsələn, biz hələ ki, daha məşhur olan iki-üç proqramdan istifadə edirik, hələlik bu, şirkətlər tərəfindən təhlükəsizliyin pozulması ilə bağlı ciddi bir hadisə baş verməyib.
Düzdür, sabah elə bir proqram çıxa bilər ki, bu, “WhatsApp” və “Facebook Messenger”in göstərdiyi xidmətləri verəcək, amma bu nə qədər güvənli olacaq? Ona görə də güvənli və tanınmış proqramlardan istifadə etməklə, yazışmaları gizli saxlamaq lazımdır.
Üçüncüsü, şifrələrdən istifadə etmək, mobil telefonu bir başqasının yanında qoymamaq təklif olunur, çünki orda sizə aid olan özəl informasiyalar oğurlana bilər.
Dördüncüsü, tanınmayan məktubları açmamaq.
Məsələn, siz belə bir email alırsınız ki, bir milyon dollar lotereyada udmusunuz. Bu halda siz, o məktubu açmamalısınız, çünki sizin informasiyalar oğurlanacaq. Yəni, istifadəçi özü ehtiyatlı olmalıdır. Özünün elementar təhlükəsizlik qaydalarına əməl etməlidir. Problem olanda mütəxəssisə, şirkətə müraciət etməlidir”.
O.Gündüzün sözlərinə görə, bu istiqamətdə adiyyəti qurumlar vətəndaşları mütəmadi olaraq maarifləndirməlidirlər:
“Azərbaycanda bununla bağlı vətəndaşların təhlükəsizliyinə cavab verən dövlət qurumu var. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi də bu məsələdə vətəndaşları TV, radio, xəbər saytları və s. ilə mütəmadi olaraq maarifləndirməlidir. İstifadəçi təhlükəsizliklə bağlı problem yaşadıqda isə ona metodiki kömək edilməlidir”.
“Azercell Telekom”-dan bildiriblər ki, şirkətdə müştəri məxfiliyi barədə qaydaları pozmağa cəhd edən istənilən şəxsə qarşı ciddi tədbirlər görülür:
“Azercell Telekom” şirkətində müştəri məxfiliyi və müştəri hüquqlarının qorunması hər zaman prioritet mövzu olub və şirkətin korporativ mədəniyyətinin özülünü təşkil edir.
Müştəri xidmətləri mərkəzlərində çalışan əməkdaşlarımızın yalnız məhdud sayda müştəri əməliyyatlarına giriş imkanı var və əməkdaşlarımızın abunəçi nömrələri üzərində apardıqları bütün əməliyyatlar şirkətin məlumat bazasında əks olunaraq saxlanılır.
Şirkətimizdə müştəri məxfiliyi barədə qaydaları pozmağa cəhd edən istənilən şəxsə qarşı ciddi tədbirlər görülür”.
Şirkətdən həmçinin xatırladıblar ki, Azərbaycan mətbuatında son iki gün ərzində yer almış hadisə ilə bağlı faktlar yalnız ciddi şəkildə araşdırıldıqdan sonra şirkətin rəsmi mövqeyi kimi ictimaiyyətə çatdırılacaq.
“Azerfon” LLC-dən (Nar) isə Oxu.Az-a deyiblər ki, yeni müasir texnologiyalar abunəçilərin şəxsi məlumatlarının qorunmasını təmin edir:
“Dünyanın bütün mobil operatorları abunəçilərinə aid şəxsi məlumatların qorunması üçün demək olar ki, eyni sistemlərdən istifadə edirlər. Müasir texnologiyalar şirkətin müxtəlif məlumat sistemlərinə icazəsiz müdaxilə hallarını müəyyən etmək imkanı verir”.
Qeyd edək ki, məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) müraciətimiz isə hələlik cavabsız qalıb.
Ülviyyə R. Əli
www.oxu.az