Çində süni intellektin məsləhətlərinə kor-koranə etibar edən valideynlər az qala körpələrini aclıqdan ölüm həddinə çatdıracaqdılar.
Oxu.Az xəbər verir ki, bu barədə "Noodou" nəşri məlumat yayıb.
Məlumata görə, valideynlər körpələrinin tez-tez ağlamasından və əsəbi olmasından narahat olaraq süni intellektə müraciət ediblər. Neyroşəbəkə isə uşağa hər qidalanmada cəmi 60 ml süd verməyi tövsiyə edib. Valideynlər bu təlimata ciddi şəkildə əməl edib, yaxınlarının porsiyanı artırmaq barədə xəbərdarlıqlarına isə məhəl qoymayıblar.
Nəticədə uşaq bir həftə ərzində aclıqdan dayanmadan ağlayıb, enerjisi tükəndiyi üçün tez-tez yuxuya gedib. Həqiqət isə körpənin xəstəxanada keçirilən planlı müayinəsi zamanı üzə çıxıb. Həkim qidalanma həcmini öyrəndikdə təəccüblənərək izah edib ki, sağlam bir aylıq körpə hər qidalanmada adətən 80-100 ml süd içməlidir.