Avropa Parlamenti iyunun 4-dən etibarən xidməti kompüterlərində standart axtarış sistemi kimi "Google"un əvəzinə Fransanın "Qwant" sistemini tətbiq edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, bu qərar parlamentin istifadəçilərin fərdi məlumatlarının mühafizəsi və rəqəmsal suverenliyin təmin edilməsi istiqamətində götürdüyü öhdəliklərə əsasən qəbul olunub.
"Politico" nəşri vurğulayır ki, axtarış sisteminin yenilənməsi Brüsselin texnoloji suverenlik yaratmaq səyləri çərçivəsində həyata keçirilir. Avropa Komissiyası iyunun 3-də xarici texnologiya tədarükçülərindən asılılığın azaldılmasına və Avropanın daxili alternativlərinin dəstəklənməsinə yönəlmiş xüsusi tədbirlər paketini ictimaiyyətə təqdim edəcək. Avropa Parlamentinin daxili sənədlərində "Qwant" fərdi məlumatların toplanmasının və istifadəçilərin izlənilməsinin qarşısını almaq üçün xüsusi olaraq hazırlanıb, məxfiliyə yönəlmiş Avropa axtarış sistemi kimi xarakterizə edilir.
Qeyd edək ki, 2013-cü ildə təsis edilən "Qwant" şirkəti özünü gizliliyi hər şeydən üstün tutan və "Google"a əsas alternativ olan bir platforma kimi təqdim edir. Məsələ ilə bağlı nə "Google", nə də "Qwant" şirkətləri rəsmi açıqlama veriblər.