Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Müasir texnologiyalar: Tərəqqi, yoxsa özəl həyatın sonu?
2006-cı ilin əvvəlində Coy Vinsent adlı 40 yaşlı qadın Londondakı mənzilində ölü vəziyyətdə aşkar olunub. Belə baxanda, xəbərdə qeyri-adi heç nə yoxdur. Ancaq məsələ burasındadır ki, qadın iki il əvvəl vəfat etmiş və bundan heç kim xəbər tutmamışdı. Soruşacaqsınız, hansı səbəbdən? Deyim: səbəb çox sadə və eyni zamanda, maraqlıdır - bu iki il ərzində mənzildə televizor dayanmadan işləmişdi. Qonşular da düşünmüşdülər ki, əgər televizor işləyirsə, deməli, xanım Vinsent sağ-salamatdır...
Fiziki tənbəllikdən əqli ərincəkliyə
Dövrümüzün müdriklərindən birinin dediyinə görə, bəşəriyyət tarixinə təsir göstərən ən mühüm ixtiralardan biri paltaryuyan maşın olub. Çünki onun kəşfi ilə qadın gündəlik həyatında azad saatlar əldə edib. Sonra da gəlib onun məşğulluğu, gender bərabərliyi və s. Günümüzdə bu yanaşmanı tək paltaryuyan maşına münasibətdə istifadə etmək yetərli olmaya bilər. Bəs ətçəkən maşın, məsafədən yemək hazırlayan qurğular, mikserlər, şirəçəkən cihazlar? Ancaq məsələnin digər tərəfi də var. Bu ixtiralar insanlara yalnız azad saatlar və başqa işlərlə məşğul olmaq üçün imkanmı verib?
Məişətdə və mətbəxdə işi asanlaşdıran cihazlar, şübhəsiz ki, bəşəriyyətin əldə etdiyi mühüm kəşflərdir. Di gəl ki, əgər onlar insanları fiziki yükdən və əməkdən xilas edirlərsə, texnoloji tərəqqinin yeni trendləri olan süni intellekt və robot texnologiyaları bizi əqli zəhmətdən məhrum edir. Belə deyək: əvvəl biz fiziki cəhətdən tənbəlləşməyə başladıq, indi isə bu proses əqli səviyyədə davam edir. Hadisələrin də axarı elə bir istiqamətdə davam edir ki, sanki insan övladı bu gün-sabah hətta düşünməməyə belə başlayacaq. Çat-botlar var, biz niyə əziyyət çəkək?
Dünyanın bir sıra işıqlı beyinləri bunu olduqca təhlükəli tendensiya hesab edirlər. Süni intellekt üzrə ixtisaslaşmış isveçrəli alim Gerd Leonqard hətta təklif edir ki, inkişaf prosesini bir qədər zəiflətmək, ləngitmək lazımdır. Çünki tənbəllik bir yana, yüksək texnologiyalar gələcəkdə insanın özü üçün başağrısına çevriləcək. Leonqard "Texnologiyalar insana qarşı" kitabında elm adamlarının bir etik saziş imzalamasını təklif edir ki, hamı inkişafın sürətinin insanın özünə ziyan törədə biləcəyi reallığı qarşısında bir məsuliyyət hiss etsin. Ancaq kimdir bu kimi təşəbbüslərə önəm verən?
"Qarşıdakı 50 ilin tarixi" kitabının müəllifi Riçard Uotson hesab edir ki, texniki yeniliklər cəmiyyətin aparıcı amili olaraq həm müsbət, həm də mənfi rol oynaya bilər. Vəziyyət hətta o həddə çatar ki, insan texnikaya qarşı qiyam da qaldırar. Hollivudda bu mövzuda nə qədər istəsəniz film çəkilib, onlardan insanı az qala vahimə basır. Tarix də göstərir ki, kinolarda göstərilənlərin bir çoxu reallığa çevrilir. Uotson yazır: "2030-cu ilədək kompüter insandan ağıllı olacaq. Bu zaman bəşəriyyət dilemma qarşısında qalacaq. Əgər maşınlar insandan ağıllıdırsa, kim təminat verə bilər ki, onlar sahiblərini özlərinə tabe etmək istəməyəcək? Düzdür, onları elə istehsal etmək olar ki, mexanizmlərinə xüsusi önləyici çiplər yerləşdirilər və bizim üzərimizdə hökmranlıq barədə düşünməzlər. Vaxtilə Ayzek Azimov özünün "Robot texnikasının üç qanunu" kitabında bu barədə yazıb. Ancaq insanların içində elələri tapılacaq ki, düşünəcəklər: bir baxım görüm məndən ağıllı kompüter həmin çiplərsiz nə edəcək?"
Biz yoxuq, robotumuz var
Yaponiyalı alim Xirosi İsiquro insanabənzər robotların istehsalı ilə tanınır. O, özünün tam bənzəri olan üç robot ərsəyə gətirib. İkisi onun özü boydadır, biri isə yalnız başdan ibarətdir. İsiquro Osaka Universitetində dərs deyir. Bəzi hallarda vaxtı olmayanda tələbələrinə mühazirələri onun "baş"ı, yəni robotlardan biri oxuyur. Əməkdaşları İsiquronun "başı"nı ali məktəbə aparırlar, o danışır və evə qayıdır.
Britaniyalı futuroloq Yan Pirson ehtimal edir ki, XXI əsrin ortalarında insanlar beyinlərini kompüterə yükləməyi bacaracaqlar. Əgər insan beyni bundan sonra baş verənlərə reaksiya verə bilsə, bəşəriyyət iki hissəyə bölünəcək: təbii və süni dizayn edilmişlər. Futuroloqlar bu anı "sinqulyarlıq" adlandırırlar. Maşınlar elə bir inkişaf mərhələsinə çıxacaq ki, insanlar onların gücü və imkanlarını hesablamaq iqtidarında olmayacaqlar. A.Azimov belə robotların peyda ola biləcəyindən hələ 1942-ci ildə yazırdı. İsiquro hətta robotun cinayət törədəcəyi vaxtı belə proqnozlaşdırır. Onun fikrincə, nə vaxt ki süni intellekt düşüncə bacarığına görə meymuna çatacaq, o, cinayət törətməyə başlayacaq - meymunların bəzi növləri cinayətəmeyilli olur.
Tezliklə çəkimizi nəzarətdə saxlayan ayaqqabılar çıxacaq, bir az kökələn kimi hay-şivən salacaq. Bank hesablarımıza bağlı olan soyuducular satışa buraxılacaq: soyuducuda pomidor qurtaran kimi banka siqnal gedəcək, oradan sevimli supermarketimizə xəbər veriləcək və buyurun, qapı döyülür, açıb görürsünüz ki, kuryerdir, bazarlığı gətirib. Bir azdan sonra biz xüsusi kiçik sensorlu qurğuları geyimlərimizə quraşdıra biləcəyik. Onların vasitəsilə dünyanın harasında oluruqsa-olaq, itməyəcəyik. Yaxud paltaryuyan maşınlara elə ağıllı qurğular birləşdirmək olar ki, pal-paltarımızı zədələməsin. Belə texniki yeniliklər bizim gündəlik həyatımızı planlaşdırmağımıza da yardım edə bilər. Məsələn, onlar bizim nə etdiyimizi, nəyi sevdiyimizi, nəyə nifrət bəslədiyimizi izləyəcək və bu reallığa uyğun xidmətlər təklif edəcək. Ağıllı telefonlarımız analarımızla hansı müddətdən bir danışdığımızın hesabatını aparacaq və vaxtı çatanda bizi xəbərdar edəcək: övlad, ananı unutma!
Texnoloji tərəqqi elə bir həddə gəlib ki, yaxın 10-12 ildə hazırda mövcud olan peşələrin çoxu tarixə qovuşacaq. Məsələn, cərrahların artıq indidən robot köməkçiləri var. Bir azdan onların özləri də robot olacaqlar. Necə düşünürsünüz, insanı əməliyyat edən insanın səhv etmə ehtimalı çoxdur, ya robotun? Avstraliyada xüsusi dərman flakonları kəşf edilib, misal üçün, şəkər xəstəsi unudub dərmanı atmayanda həkimə siqnal gedir ki, bu gün flakonun qapağı açılmayıb. O da tez pasiyentə zəng edir ki, bax, dərmanları atmırsan, sonra da şikayətlə yanıma gəlirsən.
Ömrümüz uzansın, ya yox?
Yeni texnologiyalar həmişə ilkin mərhələdə müqavimətlə rastlaşır. Məsələn, indi mobil şəbəkənin neqativ fəsadları barədə çox danışılır. Ancaq vaxtilə düşünürdülər ki, teleqrafın kəşfi havanın hərarətinə təsir edəcək. Yaxud avtomobillər və qatarlardan kütləvi istifadə müxtəlif fiziki və psixi üzüntülərə səbəb olacaq. Uotson yazır: "Bir dəfə 80 yaşlı bir kişi ilə söhbət edirdim. Dedi ki, indiki texnoloji qorxular vaxtilə elektrik dirəkləri ilə də bağlı mövcud idi".
Biz nə tarixi, nə də texnoloji tərəqqinin qarşısını ala bilərik. Yeganə yol hər bir yenilikdən pozitiv məramlar üçün yararlanmaqdır. Di gəl ki, söhbət elə tək pozitiv yeniliklərdə deyil axı. Proqnozlaşdırılır ki, bir azdan insanın bütün yaddaşı kompüterə köçürüləcək. O ölsə də, övladları kompüterdəki məlumatlar bazası vasitəsilə atasından və ya anasından nəyisə öyrənə, məsləhət ala biləcəklər. Bu o demək deyilmi ki, ölməyəcəyik? Axı dünyada heç nə məhv və yox olmur, sadəcə, bir haldan digərinə keçir... "Google"un sahibi Sergey Brin hər il ölümün çarəsini tapmaq üçün araşdırmalara üç milyard dollar xərcləyir! İnanmırsınız? Bəs o boyda var-dövlət sahibinin bildiyi nəyinsə olduğuna necə, inanırsınız?
Tibbin inkişafı nəticəsində bir çox xəstəliklərin çarəsinin tapılacağı gün uzaqda deyil. İndi təsəvvür edin ki, insan 70-80 deyil, 120-150 il yaşayacaq. Çünki gec öləcək. Bu gün təqaüdə 65 yaşında çıxırıq, bəs gələcəkdə? Bu, bilirsiniz, nə deməkdir? Bütün maliyyə, bank, sığorta sektorunun alt-üst olması!
Yaxın gələcəyin "nou-hau"ları sırasında radiodalğalı identifikasiya, sensorlu hissəciklər və "ağıllı toz"lar qeyd edilir. Bunların hər birinin vahid missiyası olacaq: informasiya toplamaq. Xırda "ağıllı" "qurğular vasitəsilə ətrafımızda baş verən hər şeydən xəbərdar olacağıq. Özü də bu qurğuları bioloji varlıqlara quraşdırsaq, miqyaslı nəticələr əldə edə bilərik. Məsələn, milçəklər, qarışqalar və hörümçəklər. Üzərlərində belə qurğularla yerin dibinə, hər künc-bucağa daxil ola biləcəklər. Və... bizə nə zaman zəlzələ, sunami və ya digər təbii fəlakətlərin baş verə biləcəyinə dair zəngin məlumatlar ötürəcəklər. Təsəvvür edirsiniz?! Bu, çox maraqlı və eyni zamanda, qorxulu tendensiyadır. Belə çıxır ki, hər tərəfdən bizi izləyən, çəkən, dinləyən qurğularla əhatə olunacağıq. Artıq olunuruq. Bu, özəl həyatın sonu deyilmi?
Rüstəm Qaraxanlı