2014-cü ili Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sektorları üçün necə xarakterizə etmək olar? 2015-ci ildə sektorlar üzrə hansı proqnozları vermək olar?
Oxu.Az bu suallarla bağlı yerli ekspertlərin rəyini öyrənib.
İqtisadçı-ekspert Oqtay Haqverdiyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatını üçüncü ölkələrlə müqayisə etdikdə, inkişafın olduğunu görərik. “ÜDM-nin artımı o qədər də böyük olmasa da, amma inkişaf var. Gəlirlər də xərclədən çoxdur. Bu il büdcə kəsirlə proqnozlaşdırılmışdı, amma il profistlə yekunlaşdı. İqtisadiyyatın inkişafı davam edir. Əlbəttə, hər bir iqtisadiyyatda olduğu kimi Azərbaycan iqtisadiyyatında da problemlər mövcuddur”, deyə o bildirib.
Gələn il iqtisadiyyata proqnoz verən ekspertin fikrincə, 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün çətin il olacaq.
“Ölkə iqtisadiyyatı neftdən asılıdır. neftin qiymətindən asılı olaraq, iqtisadiyyatı xarakterizə etmək mümkün olacaq. Neftin qiyməti bir az da aşağı düşşə, indikindən, əlbəttə ki, bu zaman büdcəyə yenidən baxmalı olacağıq”, - deyə o bildirib.
Sığorta sektoru
Sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlının 2014-cü ili sığorta bazarı üçün uğurlu hesab edir.
“Xüsusən, Azərbaycanın həyat sığortası bazarı üçün uğurlu bir il oldu. 2014-cü ildə sığorta bazarının böyüməsi ən çox həyat sığortalarının hesabına baş verdi. Sığortanın digər növlərində böyümələr müşahidə olunmadı. Həyat sığortası ilə məşğul olan şirkətlərdə onların yığımlarında ciddi bir fərq yarandı. 2014-cü ili bəlkə də, həyat sığortasının inkişafı kimi xarakterizə etmək olar”, - o deyib.
O hesab edir ki, 2015-ci ildə əgər icbari tibbi sığorta başlamasa bazardakı artım həcmi 5 %-i keçməyəcək. “Maxsimum 5 %-lik artım ola bilər. 2015-ci ildə sığorta bzarında ciddi bir böyümənin olacağını düşünmürəm,” - o bildirib.
Daşınmaz əmlak sektoru
Ekpsert Ramil Osmanlı hesab edir ki, 2014-cü il daşınmaz əmlak bazarında daha çox qiymət artımı ilə yadda qaldı.
“2013-cü ildə baş verən qiymət artımlarını bir qədər stabil formada davam etdi. İl ərzində mənzil bazarı üzrə təqribən 20% qiymət artımı baş verdi, eyni zamanda mənzil bazarına paralel olaraq, torpaq sahələrinin də qiymətində oxşar artımlar oldu. Qeyri-yaşayış sahələrində qiymət artımları nisbidir, eyni zamanda ilin sonunda baş verən hadisələrlə bağlı bir qədər azalmalar oldu. Nəticə olaraq deyə bilərik ki, 2014-cü ildə daşınmaz əmlak bazarında aparılan alqı-satqı əqdlərininin dinamikasına görə, özündən əvvəli illəri arxada qoydu,” – o deyib.
2015-ci ildə daşınmaz əmlak bazarı ilə baölı proqnozlara gəlincə, Ramil Osmanlı bildirib ki, hələ daşınmaz əmlak bazarına təsir göstərəcək konkret hadisələrin motivasiyası, baş verə biləcək hadisələrlə bağlı hökumət tərəfindən qəbul ediləcək qərarlar məlum deyil.
“Azərbaycanda son illərdə söküntü bumu sürətlənib. Söküntünün hesabına bazara pul axını gücləndikcə, bazarda dinamikanın artımı baş verir. İpoteka kreditləşməsinə ayrılan kreditləşmənin həcmin də artımlar var. Eyni zamanda Avropa oyunları ilə bağlı müəyyən infrastruktur layihələrinin həyata keçirilməsi məsələsi bu gün hələ də aktualdır. Bəzi ərazilərdə söküntü işlərinin aparılacağı gözlənilir,” – o deyib.
Ekspert hesab edir ki, Nazirlər Kabineti tərəfindən qəbul olunması gözlənilən Bakı şəhərinin İnkişaf Planı daşınmaz əmlak bazarına böyük təsir edəcək.
“Bu sənədin qəbul olunmasından sonra iki mərtəbəli fərdi yaşayış evlərinin söküntüsü aktuallaşacaq. Yəni, “Sovetski”nin ardınca, “Kubinka” və digər ərazilərin sökülməsi məsələsi gündəmə gələcək. Ona görə də indiki situasiyada bu qərarın qəbul, yaxud qəbul olmayacağı ilə bağlı nəsə demək çətindir. Bu məsələlər hökumətdən asılıdır.
Bank sektoru
Ekspert Vüqar Bayramov bildirib ki, 2014-cü il Azərbaycan bank sektoru ilin ilk əvvəllərində Mərkəzi Bank tərəfindən istehlak kreitlərinin məhdudlaşdırılması, vətəndaşların götürdükləri kreditlərin geri qaytara bilməməsi, eyni zamanda kredit almaq üçün daha ağır şərtlərin tətbiq edilməsi ilə yadda qaldı.
“Mərkəzi Bank çalışdı ki, 2014-cü ildə kredit bumumun müəyyən qədər qarşısını alsın. 2014-cü il bank sektorunu qiymətləndirən zaman bir məqama diqqət yetirmək lazımdır ki, bank sektorunda bu il qeyd olunan hədəflərə nail olmaq mümkün olmadı. 2015-ci il büdcə haqqında qanunda bankların təklif etdiyi kredit faizlərinin aşağı salınması ilə bağlı xüsüsi maddənin olması və ölkə prezidentinin fərmanı ilə təsdiq olunması ona göstərir ki, bank sektorunun kreditləri, kredit faizləri yüksək olması ölkə rəhbərliyinin də diqqətindədir.
Onun sözlərinə görə, bu gün problem sosial ipoteka kreditlərinin kredit fazilərinin yüksək olmasıdır.
“Mərkəzi Bankın uçot dərəcəsi aşağıdır, 3.5 %-dir. Kommersiya banklarının təklif etdikləri kredit faizləri uçot dərəcəsindən təxminən 6 dəfə çoxdur. Eyni zamanda Mərkəzi Bankın rəsmi məlumatları göstərir ki, rayonlar üzrə Bakı arasında təxminən iki dəfə fərq var. Baxmayaraq ki, bütünlüklə verilən kreditlərin 84%-i paytaxtın payına düşür, eyni zmanda rayonların kreditə çıxışı məhddur. Kreditə çıxış imkanı məhdud olmaqla yanaşı, eyni zamanda rayonlarda faiz dərəcləri yüksəkdir. Bu da onların kommersiya banklarının kreditlərindən faydalanmağa imkan vermir. Avtomobil kreditlərinin həcmi artdı, baxmayaraq ki, Mərkəzi Bank istehlak kreditlərinin həcminin azaldılmasına çalışdı. Diqqət çəkən ən ciddi məqamlardan biri Mərkəzi Bankın məcmu kapitalı 10 milyon manatdan 50 milyon manata çatdırılması ilə bağlı qəaraı idi. Bu qərardan sonra, 5 bankın müflisləşməsi gözlənilir. Beş bank bu tələbi yerinə yetirə bilməyəcək. 2014-cü il eyni zamanda Azərbaycan bank sektorunda bankalrın təxminən 11%-nin müflisləşməsi ilə yadda qalıb”, o deyib.
Vüqar Bayramov hesab edir ki, 2015-ci ildə bank sektorunda dəyişikliklər birmənalı şəkildə Mərkəzi Bankın fəaliyyətindən asılı olacaq.
“Əgər 2015-ci il 2014-cü il kimi yadda qalacaqsa, bu zaman inkişafa ümid etmək olmaz. Mərkəzi Bank kredit faizlərinin aşağı salınması, problemli kreditlərin həcminin azaldılması və digər məsələlərin həllinə nail ola bilərsə, bu zaman 2015-ci il fərqli bir bank sektoru ilə rastlaşa bilərik,” – ekspert qeyd edib.
Ülviyyə R. Əli