"2026-cı il üzrə cari xərclərin 88.1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq. Bu, 2025-ci illə müqayisədə 7.1 faiz bəndi çoxdur".
Oxu.Az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Məlum olduğu kimi, xalqın rifahının yaxşılaşdırılması, onun sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının sosial siyasətinin təməlini təşkil edir. Növbəti il üçün cari xərclərin əsas hissəsi məhz sosialyönümlü xərclərin payına düşür. 2026-cı ildə sosialyönümlü xərclərə 17.1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41.1 faizi həcmində vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 213 milyon manat və ya 1.3 faiz çoxdur. Bu xərclərin 89.7 faizi və yaxud 15.4 milyard manatı əməyin ödənişi və sosial təminat xərclərinin payına düşməklə son beş ildə (2022-26) 4.4 milyard manat və ya 39.6 faiz artıb", - nazir müavini əlavə edib.
Mərahim Nəsib