"Təhsilimizin sağlamlaşdırılmasından, keyfiyyətinin, rəqabət qabiliyyətinin artırılmasından, əmək bazarının tələbatına cavab verməsindən, elmin nəticələrinin iqtisadiyyata, istehsalata tətbiqindən, kənd məktəblərinin ixtisaslı müəllim kadrları ilə təmin edilməsindən ötrü görülən işlər müsbət olsa da, hələ də problemlər qalır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Vitse-spiker bildirib ki, dövlət büdcəsi hesabına və Heydər Əliyev Fondunun xətti ilə müasir məktəb binaları tikilib, onların içində verilən dərs də keyfiyyətli olmalıdır:
"Dünyanın digər ölkələrində olsa da, nə üçün vətəndaş övladını repetitor yanına göndərməli və dövlətin təhsil siyasəti barədə başqa fikirdə olmalıdır? Təhsilin sağlamlaşdırılmasından ötrü Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanları ədalətli üsul kimi əhəmiyyətli olsa da, regional təhsil idarələri, şöbələri, məktəb direktorları dərslərin keyfiyyətini yaxşılaşdırmaqdan ötrü səylə çalışmalıdırlar. Əgər məktəbə öz işini yaxşı bilən şəxs direktor təyin edilərsə, o zaman bu sahədə narahatlıqlar indiki səviyyədə olmayacaq".
Mərahim Nəsib