Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Andrey Favorov: “İndi Azərbaycanın rolu bizim üçün həmişəkindən daha vacibdir” - MÜSAHİBƏ
Ukraynaya dünənki raket hücumlarından sonra ölkənin demək olar ki bütün ərazisi bir müddət elektriksiz qalıb. Bundan əlavə, qonşu Moldova da elektrik enerjisindən məhrum olub. Çünki bu ölkəyə Avropadan gələn elektrik enerjisi Ukraynadan keçir. Kiyev meri Vitali Kliçko enerji potensialının olmaması səbəbindən Ukrayna paytaxtının bir qisim əhalisinin təxliyə olunma ehtimalı barədə növbəti dəfə açıqlama verib.
Ötən gecə bütün Ukrayna üzrə cəmi 3800 bankomat işləyirdi, ölkədə elektrik enerjisi kəsilənə qədər isə 15 300-ü fəaliyyət göstərirdi. “SOCAR Energy Ukraine” dünən məlumat verdi ki, SOCAR-ın bütün yanacaqdoldurma stansiyalarında generatorlar sayəsində elektrik enerjisi var, bu isə o deməkdir ki, gecə-gündüz burada isti yemək və içki var, qadcetləri doldurmaq, internetə daxil olmaq və nağd pul çıxarmaq imkanı mövcuddur.
Ukraynada elektrik enerjisinin kəsilməsi ilə bağlı vəziyyət, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın və SOCAR şirkətinin rolu barədə bu gün Oxu.Az-a energetika məsələləri üzrə tanınmış ukraynalı ekspert, “Ukrgazvidobuvannya” (“Ukrgazdobıcha”) şirkətinin keçmiş baş direktoru və DTEK-in (Ukraynanın enerji sənayesinin ən böyük özəl investoru) kommersiya direktoru Andrey Favorov fikirlərini bildirib.
Həmin müsahibəni təqdim edirik:
- Ukraynanın enerji sektorunda nə baş verir, onun təhlükəsizlik marjası nə qədərdir, enerji təchizatı şəklində yardım nə dərəcədə vacibdir?
- Kreml rejimi döyüş meydanında qalib gəlmək gücündə deyil. Bu səbəbdən də dinc əhaliyə qarşı vuruşmağa, Ukraynada rusdilli nənə və babalara hücum etməyə, onları işıqdan, istilikdən məhrum etməyə başlayıb. Enerji təchizatı sisteminin yarımstansiyalarına, qaz kompressor stansiyalarına raket zərbələri endirilir. Bununla da şəbəkəyə elektrik enerjisinin, qaz nəqli sisteminə qazın verilməsinin məhdudlaşdırılmasına cəhdlər edilir.
Burada iki mühüm cəhət var. Birincisi, Ukraynanın enerji sistemi hələ sovet dövründə layihələndirilib və qurulub. Buna görə də bəzi mümkün hərbi hadisələr nəzərə alınıb, axı Sovet İttifaqı hər zaman hansısa hücum olacağı paranoyası ilə yaşayırdı. Amma indi bu, bizim işimizə yaradı. İkinci məqam isə “Ukrenerqo” və “Ukrtransqaz” əməkdaşlarının qəhrəmancasına əməyidir. Biz görürük ki, təmir işləri kifayət qədər sürətlə gedir. Amma dağıdılan transformator və kompressor stansiyalarını dəyişdirmək lazımdır. Çünki qarşıdan soyuqlar gəlir və istehlak artacaq, bu isə o deməkdir ki, şəbəkəyə daha çox enerji verilməlidir.
Ukrayna təbii ki, Rusiya ilə heç vaxt hər hansı güzəştlərə getməyəcək. Kütləvi şəkildə elektrik generatorları alınır ki, bunların mərkəzi şəbəkəyə deyil, fərdi evlərə və yaşayış məntəqələrinə qoşulması mümkündür. Bunlar əsasən dizel generatorlarıdır. Ona görə də indi Ukrayna ərazisinə neft ehtiyatlarının etibarlı tədarükçüsü kimi Azərbaycanın rolu həmişəkindən daha vacibdir. Generatorlar şəbəkəsi dizel yanacağı və digər neft məhsullarından asılıdır ki, bunlar vasitəsilə elektrik enerjisi istehsalı, istilik hasilatı həyata keçirilir. Bu, təqaüdçülər, uşaqlar, cəbhədə xidmət edənlər və ümumilikdə hər kəs üçün vacibdir.
Mən Ukrayna adından deyəcəyəm ki, biz Azərbaycandan Ukraynaya bütün çatdırılmaları, SOCAR-ın fəal rolunu yüksək qiymətləndiririk. Bu, bizə rusiyalıların Ukrayna ərazisində törətməyə çalışdıqları ukraynalıların soyqırımının öhdəsindən gəlməyə kömək edir.
- Çatdırılmalar necə həyata keçirilir? Anladığım qədərilə, Ukrayna dəniz limanları vasitəsilə bunun reallaşdırılması çətindir. Bu halda Qərb marşrutu üzrə dəmir yolu qalır?
- Əvvəllər Azərbaycandan çatdırılmaların ilk növbədə dəniz marşrutu üzrə reallaşdırılması nəzərdə tutulurdu. Hazırda imkanlar məhduddur. Buna görə də çatdırılmalar Avropadan Ukraynaya dəmiryolu ilə həyata keçirilir. Biz başa düşürük ki, logistikanın, məhsul axınının yenidən qurulması müəyyən vaxt tələb edir və burada “Ukrzaliznıtsi”nin (Ukrayna Dəmir Yolları – red.), həmçinin Polşa, Macarıstan, Slovakiya, Rumıniyadakı tərəfdaşlarının dəqiq işini xüsusi qeyd etmək lazımdır. Rumıniyanın Konstansa limanı mühüm rol oynayır. Hazırda bu liman, yəqin ki, Azərbaycandan çatdırılmalar üçün ən qısa yoldur.
Və xüsusi bir məqamı da vurğulamaq yerinə düşər ki, çatdırılmalar eyni zamanda avtomobil yolu ilə də həyata keçirilir. Bu önəmli faktordur və böyük həcmdə yanacağın mərkəzləşdirilməmiş şəkildə tədarükünə imkan verir. Kiçik daşıyıcılar hər biri milyonlarla dollara başa gələn Rusiya raketləri üçün hədəf seçilmir. Bu, tədarük zəncirinin sabitliyini artırır. Və təbii ki, bütün bunların arxasında Ukraynadan və bu axınları təmin edən digər ölkələrdən olan logistiklərin gündəlik zəhmətkeş və qəhrəmancasına işi dayanır.
- Kiyev meri Kliçko növbəti dəfə enerji təchizatı problemlərinə görə Kiyev əhalisinin təxliyə olunma ehtimalının ola biləcəyini bildirib. Bəs insanları hara evakuasiya etmək lazımdır? Belə bir vəziyyətdə ümumiyyətlə necə hərəkət etmək olar ki, təxliyə olunanların enerji təhlükəsizliyini təmin edilməsi mümkün olsun?
- Mən Kiyev daxilində problemin özünün ciddiliyindən, həmçinin Rusiya ordusunun hara zərbə endirdiyindən və bu zərbələrin nə dərəcədə effektiv olmasından danışmayacağam. Bu məlumatlar ictimaiyyətə açıqlanmır. Amma bu problemin həllinə yanaşmanı hərbi tibb xəstəxanası ilə müqayisə etmək olar ki, burada yaralılar üç qrupa bölünür. Birincisi - kömək edə biləcəyiniz şəxslərdir ki, bunun üçün məhdud resurslar üzrə daha çox vaxt və güc sərf edilir. İkincisi – vəziyyətləri daha sabit olanlardır. Üçüncü qrupda isə artıq heç nə edə bilməyəcəyimizi etiraf etməyə məcbur oluruq.
Enerji kontekstində nəzərdən keçirilməlidir ki, hansı əraziləri boşalda və oraya elektrik və istilik təchizatını sıfıra endirə bilərik. Həmçinin ərazini tərk edə bilməyən əhalinin əhatə dairəsini kompaktlaşdırmaq üçün insanları başqa ərazilərə köçürə bilərik.
İkinci variant - ərazini tərk edə bilən insanların kəndlərə getməsidir. İstilik təchizatı İkinci Dünya müharibəsi illərindəki kimi olacaq - odun və kömür. Odun sobaları dövrünə qayıdırıq.
Üçüncü istiqamət isə Avropaya və ya Ukraynanın qərb bölgələrinə çıxışdır ki, burada enerji şəbəkələrinin “Ukrenerqo”nun səyləri nəticəsində hələ müharibədən əvvəl Avropa sistemi ilə sinxronlaşdırılmasına nail olunub.
Nair Əliyev
"Macarıstan" teqi üzrə xəbərlər
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Ərdoğan və Paşinyan arasında görüş olub
- Macarıstan Ukraynaya 50 milyard avroluq kreditin verilməsini əngəlləyib
- Macarıstan Aİ-dən çıxmaq istəyir?
- Viktor Orban: "Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyirik"