“Azərbaycan Hava Yolları – AZAL” Qapalı Səhmdar Cəmiyyəti (QSC) may ayından etibarən beynəlxalq uçuşların sayını artıracaq.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, QSC-nin xidmət rəisi Məhərrəm Səfərlinin AzərTAc-a bildirdiyinə görə, yaz-yay mövsümü ilə əlaqədar may ayından başlayaraq Rusiya Federasiyasının Perm, Krasnoyarsk, Nijni Novqorod və Belarusun paytaxtı Minsk şəhərlərinə yeni marşrutlar açılacaq.
Eyni zamanda, Rostova uçuşlar bərpa olunacaq.
M.Səfərli qeyd edib ki, yeni marşrutların açılması iş adamlarının qarşılıqlı səfərlərinin çoxalmasına, biznes əlaqələrinin inkişafına, ölkələrimizin tarixi və səfalı guşələrinə turist səfərlərinin artmasına səbəb olacaq.
Qeyd edək ki, regionda və MDB məkanında yeni avialaynerlərin sayına görə lider olan AZAL-ın təyyarə parkında “Embraer”, “Boeing-757”, “Boeing-767”, “Airbus A-319”, “Airbus A-320” və “Airbus A-340” avialaynerləri üstünlük təşkil edir.
Ümumiyyətlə, AZAL-ın təyyarələri hazırda dünyanın 14 ölkəsinin 33 şəhərinə uçuşlar həyata keçirir.
www.oxu.az