Azərbaycanda sahibkarlığın inkişafına dəstək və iqtisadi təhlükəsizliyi təmin etmək üçün ölkənin gömrük orqanlarının qarşısında vacib məsələlər qoyulub.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda keçirilən Xəzər-Avropa klubunun (CEIBC) iclasının gedişatında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
O vurğulayıb ki, son ildə Azərbaycanın gömrük orqanlarında bəzi yeniliklər tətbiq edilib.
Bundan başqa hökumətə sahibkarların və gömrük orqanlarının müştərək fəaliyyəti üçün təkliflər də təqdim edilib.
“Bu təkliflər iki qanunverici akta aiddir. Birincisi bu gömrük məsələsidir. Biz bu sənəd və yüklərin deklorasiyasının 72 saatdan 24 saata qədər azaldılması barədə dəyişikliklər edilməsini təklif edirik”, - A.Əliyev deyib.
İkinci təklif onun sözlərinə görə daha qlobal xarakter daşıyır.
“O, dövlət başçısının 1997-ci il “Xarici ticarətin liberallaşması barədə” fərmanı ilə əlaqədardır və yüklərin deklorasiyası üçün tələb edilən sənədlərin siyahısının qısaldılmasını nəzərdə tutur. Bu çox vacib məsələdir”, - DGK rəhbəri deyib.
Bundan başqa, A.Əliyev qeyd edib ki, yüklərin deklorasiyasını “ASAN xidmət” mərkəzləri vasitəsilə etmək də planlaşdırılır.
“Bu, prosesin şəffaflığını təmin etməyə imkan yaradacaq”, - DGK sədri vurğulayıb.