Son iki ayda Azərbaycana avtomobil idxalı 35-40 faiz azalıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov deyib.
Onun sözlərinə görə, ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başlanılan Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Qeyd edilən ekoloji standarta cavab verməyən avtomobillərin Azərbaycana idxalı qadağan edilib.
M.Vahabov vurğulayıb ki, avtomobil idxalının kəskin aşağı düşməsinin dövlət büdcəsinə daxilolmalara xeyli təsir edəcəyini demək olmaz:
“Yığımlar təkcə bu kateqoriyadan olan mallar hesabına təmin edilmir. İl ərzində idxal strukturu dəyişə bilər və bu baş verir. Bir kateqoriyada azalma isə idxal edilən digər mallar hesabına kompensasiya ediləcək”.
M.Vahabov qeyd edib ki, digər amilləri də nəzərə almaq lazımdır:
“Amillərdən biri ölkəyə daha bahalı avtomobillərin idxalına başlanılmasıdır. Avro-4 standartlı nəqliyyat vasitələri apreldən idxalı qadağan edilmiş köhnə avtomobillərdən daha bahalıdır. Bununla da bu avtomobillər üzrə gömrük yığımlarının azalması ƏDV üzrə yığımların artması ilə kompensasiya edilir”. (Trend).