Ölkəmizdə özəl pensiya fondlarının yaradılmasına 2015-ci ildən başlana bilər.
Oxu.Az Movqe.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.
Onun sözlərinə görə, Avropa Birliyi ilə birgə həyata keçirilən layihə 2014-cü ilin noyabrında yekunlaşacaq. Layihə hökumətə təqdim edildikdən sonra prosesə başlanacaq.
“Özəl pensiya fondlarının fəaliyyətinin təşkili üçün ilk növbədə onları tənzimləyəcək qanunvericilik bazasının olması əsas şərtdir. Çünki bu fondlar vətəndaşların könüllülük əsasında ödədikləri sosial sığorta haqlarının xüsusi hesablarda formalaşdırılması, sonradan maliyyə bazarında yerləşdirilərək gəlir əldə olunması və vətəndaşlar pensiyaya çıxdıqda bu vəsaitlər hesabına qeyri-dövlət pensiyalarının təmin edilməsini nəzərdə tutur”, - o deyib.
E.Mehdiyev bildirib ki, burada başlıca şərt işləyərək sosial sığorta ödəyən şəxsin gələcəkdə pensiyaya çıxdıqda kapital formalaşdırması, həmin kapitalı uzun illər ərzində maliyyə təsirləri və bazar risklərindən qorumaqdır:
“Özəl pensiya fondlarının formalaşması üçün könüllülük əsasında sosial pensiyaların toplanmasının qaydaları, vəsaitlərin fərdi hesablarda formalaşdırılması üçün maliyyə bazarında yerləşdirilməsinə nəzarət mexanizmləri, toplanacaq vəsaitlər əsasında təyin ediləcək qeyri-dövlət pensiyalarının konkret formulası müəyyənləşdirilməlidir.
Bunlar dövlət tərəfindən sırf tənzimləmə və nəzarət mexanizmlərinin yaradılmasını tələb edir. Çünki, bunlar qeyri-dövlət sturukturları tərəfindən yaradılsa da, dövlət təşviq məsuliyyəti daşıyır. Bu baxımdan artıq beynəlxalq təcrübə öyrənilib.
Avropa Birliyi ilə birgə layihə çərçivəsində özəl pensiya fondları ilə bağlı qanunvericiliyin yaradılmasına start verilib. Qanunvericilik formalaşdırıldıqdan sonra bu prosesə başlanacaq və özəl pensiya fondları barədə dövlət tərəfindən əhalinin təşviqi həyata keçiriləcək”.