"Azəristiliktəchizat" ASC-nin xidməti minik avtomobilinin satınalınması üzrə elan etdiyi tender ləğv olunub.
Oxu.Az xəbər verir ki, tenderin ləğvedilmə səbəbi kimi satınalmada iştirak etmək üçün tələb olunan lisenziya və ya icazəyə malik təchizatçıların sayı üçdən az olması göstərilib.
Satınalmanın ehtimal olunan qiyməti 100 min 100 manat təşkil edirdi.
Tenderdə avtomobilin texniki xüsusiyyətləri belə nəzərdə tutulmuşdu: hibrid mühərrik (2.2-2.5 l), gücü 175-220 at qüvvəsi, avtomat sürətlər qutusu (variator), ön dartıcı, multizonalı kondisioner, qızdırılan dəri oturacaqlar, adaptiv kruiz kontrol və digər yüksəkstandartlı avadanlıqlarla təchiz edilmiş 2025-ci ildə istehsal olunmuş avtomobilə 3 il və ya 100 min km zəmanət tələb olunurdu.