2015-ci ilin I yarısında Mingəçevir, Şəmkir, Ucar, Quba şəhərlərinin içməli su problemi həll olunub.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən bildirilib.
“Azərsu”nun məlumatına görə, hazırda Lənkəranda 5 kəndin içməli su probleminin həll edilməsi Biləsuvar, İmişli, Zərdab, Kürdəmir və Qax şəhərlərində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması üzrə işlər gedir.
Qurum bildirib ki, “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Gədəbəy, Astara, Daşkəsən və Tərtər şəhərlərində layihələrin icrası intensiv şəkildə həyata keçirilir.
Hesabat dövründə “Azərsu” ASC tərəfindən regionlarda 246 km su, 75 km kanalizasiya xətləri, 1 sutəmizləyici qurğu, 2 su anbarı tikilmiş, 2 subartezian quyusu qazılmış, 6 mindən çox smart sayğac quraşdırılıb.
Bundan əlavə, görülmüş işlər nəticəsində bölgələrdə 80 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.
“Yanvar-iyun aylarında 36 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub. Hesabat dövründə 14 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilmiş, 30 min nəfərə isə içməli suyun verilmə rejimi nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılıb”-deyə, Azərsu qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az