Bu gün Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən 13-cü bal sərgi-satış yarmarkası işə başlayıb.
Oxu.Az xəbər verir ki, bu il yarmarkada Azərbaycanın 40 regionundan, Naxçıvan MR və Qırğızıstandan 438 arıçı iştirak edib. Bu sərgidə 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 150 kq vərəmum və 5 kq arı südü satışa çıxarılıb.
Yarmarkada təqdim edilən bütün məhsul nazirliyin xüsusi laboratoriyalarında tədqiq edilib, satıcı-arıçılar isə məhsulun keyfiyyətinə dair sertifikat alıblar.
Balın bu qədər çeşidini bir arada yəqin ki, yalnız yarmarkada görmək mümkündür. Satıcılar müxtəlif növ: çiçək, çökə, dağ, akasiya, bəyaz və s. balın dadına baxmağı təklif edirdilər.
Bu il yarmarkada arıçılıq məhsullarına azad qiymət elan edilib. Hər bir arıçı təqdim etdiyi məhsulun qiymətini özü təyin edir.
Bu barədə sərgi-satış yarmarkasının açılışında Azərbaycan kənd təssərrüfatı naziri Heydər Əsədov deyib.
Müəyyən etdiyimiz kimi balın qiymət diapazonu 15 manatdan 35 manata qədər dəyişir.
Arıçı Qüdrət Mustafayev (Daşkəsən rayonu):
“Bizim rayon dağlıq ərazidə yerləşir, ona görə də bizdə əsasən dağda bitən bitkilərdən hazırlanan bal olur. Məhsulumuzun hamısı ekoloji təmizdir. Biz həmçinin tut doşabı hazırlayırıq. O, tənəffüs yollarının xəstəlikləri zamanı geniş istifadə edilir. Payız-qış mövsümü üçün doşab tədarükü görmək məsləhətdir”.
Arıçı Qeybulla Kərimovun (Balakən rayonu) piştaxtasında öyrəşmədiyimiz bal növü gördüyümüz üçün yaxınlaşıb bunun nə olduğu ilə maraqlandıq:
“Bu “bal qaymağı”dır – bal ilə şan qarışığı. Süzülməmiş baldır (onu ümumi qarışdırırlar). Bu qarışığı bir çox xəstəliklərin müalicəsində istifadə edirlər, ona görə də digər növ ballardan bahadır – kiloqramı 20 manatadır”.
Arıçı Aybəniz Məmmədova (Qəbələ rayonu) şabalıd balı təklif etdi. Bu növün rəngi tünddür və qatıdır. Bizim, balın nə qədər müddət qaldığı barədə sualımıza, A.Məmmədova cavab verdi ki, qaydalara uyğun saxlanıldıqda bal, qatılaşsa da müalicəvi xüsusiyyətlərini saxlayır.
Qeyd edək ki, bu il Bakıda keçirilən sərgi-satış yarmarkasında xarici – Qırğızıstandan arıçılar da iştirak edir.
Arıçı Rafael Quliyev (Qırğızıstan) ağ balın dadına baxmağı təklif etdi, rənginə görə o kəhrəba sarısı rəngdə olan adi baldan seçilir, o “mirvari” rəngindədir.
“Onu ciddə ağaclarından yığırlar. Bu bal heç vaxt qatılaşmır”, - arıçı bildirib.
Ağ balın qiyməti bir kq üçün 35 manatdır.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilmiş satış-sərgi yarmarkası ölkədə arıçılığın inkişafına təkan verir. Onun məqsədi ölkə prezidenti İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişafı barədə fərmanının yerinə yetirilməsidir.
Qeyd edək ki, hər il keçirilən sərgi-satış yarmarkası oktyabr ayının 30-na kimi davam edəcək.
Yarmarkaya gələn hər kəs Azərbaycanda ən yaxşı balı ala bilər.
Gülnarə Zeynalova
Foto: Nüsrət Abdullayev
www.oxu.az