“MBA Group” konsaltinq şirkəti 2015-ci il aprel ayına olan təkrar yaşayış mənzil bazarı üzrə hesabatı açıqlayıb.
Oxu.Az şirkətə istinadən xəbər verir ki, son iki ay ərzində bazarda baş verən proseslərin əmlak bazarına göstərdiyi təsirlər nəticəsində təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində azalma müşahidə edilib.
Şirkət aprel ayında bazarın bu seqmenti üzrə olan dəyişiklikləri hesablayıb:
“Aprel ayında bazarın bu seqmenti üzrə təklif həcmi -1.47% azalıb. Mart ayında ümumi təkliflərin sayı 1752 olduğu halda, bu rəqəm aprel ayında 1726 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 18.7% azalıb.

Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 66.8 faizə bərabər olub”.
“Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 2000 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 81.5%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1480 dollar/kv.m-dir.
Ümumi təklif portfelinin 13.75%-ni 2000-2500 dollar/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 2160 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2500 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 4.75% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 3000 dollar/kv.m təşkil edib” - deyə, məlumatda vurğulanır.
Bundan başqa, “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 12.23%, 13.83%, 11.26% və 42.82%.
Aprel ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai, Yasamal və Nərimanov rayonları olub.
Aprel ayında təkrar mənzil bazarında qiymət indeksi mart ayı ilə müqayisədə -0.47 bənd azalaraq 7.51 bəndində qərarlaşıb.
Qeyd edək ki, təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “arxitektor” layihəli 2 otaqlıda qeydə alınıb.
İçərişəhər metro stansiyası yanında yerləşən 43 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4600 dollar təşkil edib. Ən ucuz mənzil isə Qaradağ rayonunda, Ələt qəsəbəsində yerləşən 70 kv.m-lik sahəyə malik “eksperimental” layihəli, 3 otaqlı mənzildə qeydə alınıb, 700 dollar/kv.m.


Ülviyyə R. Əli
www.oxu.az