Balıqçılıq sahəsində nəzarətlə bağlı yoxlamalar yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına daxil edilir.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Mövcud redaksiyada qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət istisna kimi nəzərdə tutulsa da, bu nəzarətin ilkin mərhələsini təşkil edən balıqçılıq fəaliyyəti birbaşa əhatə olunmur.
Təklif olunan əlavə qida təhlükəsizliyi sistemindəki bu normativ boşluğu aradan qaldıraraq nəzarətin "istehsaldan istehlaka qədər" prinsipi əsasında həyata keçirilməsinə hüquqi zəmin yaradır.
Qeyd olunur ki, balıqçılıq sahəsində hüquq pozuntuları (qanunsuz ovlanma, kvota pozuntuları) qısa müddətdə baş verdiyindən və nəticələri sürətlə genişləndiyindən, bu sahədə çevik nəzarət imkanının təmin edilməsi ekoloji tarazlığın, biomüxtəlifliyin və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının qorunması baxımından zəruridir.