Pərviz Heydərov yazır...
Fiziki şəxslər tərəfindən banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının yeddi il fasilədən sonra bu ilin fevralın 1-dən bərpasına rəğmən, bu sahədə artım davam edir. Yəni, bir çox gözləntilərə baxmayaraq, əhalinin əmanət yerləşdirməsi tendensiyası öz əvvəlki dinamikasını qoruyub saxlayır.
Xatırladım ki, vergi güzəşti 2016-cı ilin fevralından yeddi il ərzində mövcud olub. Bu müddətədək isə əmanətlər üzrə gəlirlər tam olaraq ödənilirdi. Hansı ki, həmin vaxt da əslində banklara əmanət yerləşdirilməsi, dividend və yaxud depozit faizləri sahəsində müsbət ab-hava hökm sürürdü.
Sonuncu statistikaya əsasən cari ilin ilk beş ayının yekununa ölkə üzrə kredit təşkilatlarında yerləşdirilmiş cəmi depozit və əmanətlər üzrə həcm 35 milyard 393 milyon 100 min manat təşkil edib ki, bunun da 12 milyard 400 milyon 700 min manatı və yaxud 35%-i ev təsərrüfatlarına aiddir.
Ümumiyyətlə, sonuncu göstərici üzrə rəqəm aprelin 30-na 12 milyard 211 milyon 600 min manat, martın 31-nə 11 milyard 964 milyon 400 min manat, fevralın 28-nə 11 milyard 901 milyon 800 min manat, yanvarın 31-nə isə 11 milyard 928 milyon 500 min manat təşkil edib.
Göründüyü kimi, fevralda cüzi azalma olub. Lakin bu fakta dair əvvəlki şərhlərimin birində yazmışdım ki, əhalinin banklardakı əmanətlərinin fevralda azalması səbəbi ən çox subyektiv amillərlə bağlı olub. Bu da, uzun müddət davam edə bilməzdi.
Sual olunur ki, ümumən, ölkədə vətəndaşlar tərəfindən əmanət qoyuluşu həcmi qənaətbəxşdirmi? Təkrar edirəm, bir çox gözləntilərə rəğmən, əvvəlki dinamika qorunub saxlanır. Lakin, vəziyyət qaneedicidirmi? Xeyr.
Əhalinin sərbəst vəsaitlərini daşınmaz əmlaka qoymağa meyil etməsi nə ilə əlaqədardır? Bu faktdır ki, vətəndaşlar sərbəst vəsaitlərini ən çox daşınmaz əmlaka yatırırlar. Qeyd olunan tendensiya əvvəl də dominant rol təşkil edib, bu gün də, sabah da təşkil edəcək.
Niyə? Çünki bunun obyektiv səbəbləri var. Əvvəla, təkrar edirəm, əhalinin əksər hallarda daşınmaz əmlaka investisiya qoymağa meyil etməsi yeni fakt deyil. Daşınmaz əmlaka yatırılan vəsait banka qoyulan depozitdən risksiz xarakter daşıyır. Belə ki, banka yatırılan əmanət bankın müflis olacağı təqdirdə bata bilər. Daşınmaz əmlaka qoyulan isə yox.
Doğrudur, ölkəmizdə Əmanətlərin Sığortalanması Fondu fəaliyyət göstərir və son dövrdə bağlanan banklarda əhalinin əmanətlərinin batması hadisəsi baş verməyib. Lakin daşınmaz əmlaka yatırılan vəsait heç bir gəlir gətirməsə də belə, ən azı yatırıldığı vaxtdakı dəyərini qoruyub saxlaya bilir. Nəyə görə?
Çünki daşınmaz əmlak bazarında qiymətlər heç vaxt enmir.
Ancaq istehlak qiymətlərinin dəyişməsi, inflyasiya, devalvasiya təhlükəsi ilə bağlı banka qoyulan depozit həmişə risk altında sayılır. Xatırladım ki, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsi maksimum 12%, xarici valyutada isə 2,5% təşkil edir ki, 100 min manatadək də vəsait yerləşdirmək mümkündür.
Odur ki, banka qoyulan pul kütləsi və depozitin batma təhlükəsi olmasa da dəyərini itirmək və inflyasiyaya uğrama şansı hər zaman real sayılır. Hansı ki, buna dair ortada heç bir sığorta imkanı və mexanizmi mövcud deyil.
Bu amilləri nəzərə alsaq, əhalinin sərbəst vəsaitlərini nəyə görə daha çox ev, torpaq, obyekt almağa sərf etməsi, buna üstünlük verməsi və alternativ olaraq yüksək gəlir vəd edən banklara yerləşdirməkdən yan qaçmaları izah ediləndir.
Ancaq bir nüans var. O da bundan ibarətdir ki, əhalinin əksəriyyətinin daşınmaz əmlaka vəsait yatıracaq qədər sərbəst vəsaiti yoxdur və ola da bilməz. Vətəndaşlar daha çox banka yatıracaq qədər sərbəst vəsaitə sahibdirlər. Odur ki, banklar tərəfindən əhalinin inamını qazanmaq məqsədilə depozit cəlbini daima stimullaşdırmağa böyük ehtiyac var və bunun üçün müvafiq addımlar atılmalı, banklar arasında müvafiq rəqabət olmalıdır.
İkincisi, bu da bir faktdır ki, əhalinin dolanışıq səviyyəsi çətinləşib və məlum bahalaşma ilə inflyasiya prosesi nəticəsində gəlirlərin əvvəlki kimi sərbəst vəsaitlərin formalaşmasına şərait yaratması imkanı hazırda zəif xarakter daşıyır. Çünki istehlak xərcləri artıb, yığım imkanları daralıb və sair...
Obyektiv səbəblər sırasında əlbəttə o da var ki, əmanət yerləşdirilməsi də cəlbediciliyini itirib. Vətəndaşlar bunda getdikcə stimul görmürlər.
Yuxarıda qeyd etdim ki, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsi maksimum 12%, xarici valyutada isə 2,5% təşkil edir və 100 min manata qədər də vəsait yerləşdirmək mümkündür. Əmanətlərin Sığortalanması Fondu və o cümlədən, banklar isə bu sahədə heç bir yenilik tətbiq etmək niyyəti nümayiş etdirmirlər.
Yeri gəlmişkən, bu ilin ilk beş ayının yekununa görə, ölkə üzrə ev təsərrüfatlarının kredit təşkilatlarında yerləşdirdiyi 12 milyard 400 milyon 700 min manatın 7 milyard 686 milyon 800 min manatı və yaxud 61,9%-i milli, 4 milyard 713 milyon 900 min manatı və yaxud 38,1%-i isə xarici valyuta ilə təşkil edib.
Fevralda da yazmışdım ki, vergi güzəştinin ləğvi əhalinin əmanətləri banklardan geri çəkməsinə səbəb ola bilməz. Ən azı ona görə ki, ölkədə maliyyə sarıdan vəziyyət sabitdir, manatın dəyəri möhkəmdir, xarici valyuta ilə yığıma isə maraq yoxdur. Həm də ki, əmanətçilər üçün əsas cəhət bankların təklif etdikləri gəlirlik səviyyəsi və bir də əmanətlər üzrə sığorta faiz dərəcəsidir.
Odur ki, sual edirəm, bu sahədə yeni mexanizmin tətbiqi haqqında fikirləşməyə dəyməzmi?