Son günlər mətbuatda müzakirə olunan məsələlərdən biri bankların kredit borcu ilə əlaqədar vətəndaşların iş yerlərinə xəbərdarlıq məktubu və s. göndərilməsi olub.
Belə ki, sadə vətəndaşlar da məlumatı təsdiqləyərək bildirirlər ki, yaranmış kredit borcları ilə əlaqədar banklar onların iş yerinə müraciət edərək işəgötürəndən borcun maaşdan tutulmasını tələb ediblər. İşəgötürənləri isə bu halda narahat edən məsələlərdən biri isə işçiyə görə lüzumsuz “baş ağrıları” yaşamalarıdır.
Yaranmış situasiyada həm işəgötürənlər, həm də borclular hansı addımı atmalıdır? Ümumiyyətlə, bankların bu addımı düzgündürmü və düzgündürsə bu qanunun hansı maddələri ilə tənzimlənir?
Oxu.Az bu suallar ətrafında bank üzrə mütəxəssis Əkrəm Həsənovun fikirlərini öyrənib.
Ə.Həsənovun sözlərinə görə, bu halda bank haqqında sirrin pozulması halı baş verir:
“Bankların borclunun iş yerinə belə müraciət etməsi qanuna ziddir, çünki bank sirrinin pozulması halı baş verir. Müştərinin əməliyyatları haqda qanunla nəzərdə tutulmuş bəzi hallarda dövlət orqanlarından başqa heç kəsə məlumat verilə bilməz”.
Ekspert qeyd edib ki, vətəndaşın krediti əldə etməmişdən əvvəl banklara verdiyi iş yeri haqqında arayışın hazırda yaranmış vəziyyətlə heç bir əlaqəsi yoxdur:
“İşəgötürənin maaş haqda arayış verməsi heç nəyi dəyişmir. Hər bir halda məhkəmə qərarı olmadan işçinin maaşı tutula bilməz. Tutulduqda isə özünün və himayəsində olan şəxslərin yaşayış minimumu təmin olunması üçün lazım olan məbləğdən artığı tutula bilər”.
Vətəndaş hüququ pozulduqda nə etməlidir? sualına gəldikdə isə borclu bankı məhkəməyə verə bilər, amma bu uzun müddət davam edə bilər, buna görə də onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinə, Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər.
“Borclular isə Mülki Məcəllənin 967-ci maddəsinə və Banklar haqqında qanunun 41-ci maddəsini əsas gətirərək, hüquqlarının pozulduğunu bildirə bilərlər”, - deyə, ekspert bildirib.
“İşəgötürənin haqlı narahatlığına gəldikdə isə, onlar borclu barəsində xəbərdarlıq məktubu göndərən banka bildirməlidirlər ki, “İşçinin maaşının kəsilməsinə hüququmuz yoxdur, məhkəməyə müraciət et”, - deyə Ə.Həsənov əlavə edib.
Bəzi bank mütəxəssisləri isə onu bildiriblər ki, yaranmış vəziyyət banklarla əməkdaşlıq edən bəzi kollektor (borc agentlikləri, problemli borcun məhkəmədən kənar alınmasında peşəkarlıqla ixtisaslaşdırılan agentlik - red.) şirkətlərinin məsuliyyətsiz fəaliyyətindən qaynaqlanır. Yəni, işçinin iş yerinə xəbərdarlıq məktubunu birbaşa banklar deyil, onlarla əməkdaşlıq edən kollektor şirkətləri göndərir.
Qeyd edək ki, “Banklar haqqında qanun”un 41-ci maddəsi Bank sirri adlanır. Orda deyilir:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir”.
Həmin maddənin başqa bir bəndində isə deyilir:
“Bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda, hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər”.
Ülviyyə R. Əli
www.oxu.az