“Bankların bəzi müştəri qruplarının öz kartlarından sui-istifadə etmə halları artıb”.
Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Banklar Assosasiyasının (ABA) rəhbəri Zakir Nuriyev deyib.
ABA rəhbəri qeyd edib ki, bu prosesin qarşısını inzibati yolla almaq mümkün deyil:
“Belə ki, onlar manatla kartlarından dollar çıxararaq əməliyyatlar aparır. Bu, qanunvericiliyə ziddir. Biz bunun qarşısını inzibati yolla ala bilmədiyimizdən iqtisadi yol seçmişik. Bankların bəzi müştəri qrupları manat kartlarından yalnız milli valyuta çıxararaq əməliyyat aparmalıdırlar”.
16:56
Azərbaycanda bir sıra kommersiya bankları manat kartları üzrə xarici valyutaya konvertasiya əməliyyatlarına görə komissiya haqqını artırıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, konvertasiya faizlərini “Rabitəbank” ASC 2%-dən 5%-ə, “Silkway Bank” və “Expressbank” ASC-lər 2%-dən 4%-ə, “Amrahbank” ASC 0,5%-dən 5%-ə çatdırıb.
“Azər-Türk Bank” ASC-də nağd xarici valyuta çıxarmaq istəyən 4%, qeyri-nağd ödəniş edən isə 0,5% konvertasiya haqqı ödəməlidir.
Nəticədə hazırda manat kartlarının sahiblərinin xarici valyuta çıxarmaq və ya xarici valyuta ilə ödəniş etmək istədikdə bankların valyuta satış məzənnəsindən əlavə 4-5% artıq xərcləri yaranır.
Məsələn, bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının rəsmi məzənnəsi 1,6245 AZN/USD-yə bərabərdisə, banklar manat kartından dollar çıxarmaq istəyən və ya dollarla ödəniş həyata keçirmək istəyən şəxsə 1 dolları maksimum 1,6245+4%=1,6895 AZN/USD və 1,6895+4%=1,7571 AZN/USD-yə satır.
Bu isə AMB-nin rəsmi məzənnəsindən 8,2% çoxdur. Bu xərc xarici ölkələrdə manat kartı ilə ödəniş edən şəxslərə də aid edilir.
Qeyd edək ki, yuxarıda adıçəkilən banklardan “Amrahbank” və “Azər-Türk Bank” hazırda adambaşı 500 ABŞ dolları limitilə xarici valyuta satışını həyata keçirir.
Bu isə o deməkdir ki, bu bankların bankomatından dollar nağdlaşdırıldıqda qiyməti “Azər-Türk Bank”da 1,7571 AZN/USD, “Amrahbank”da isə 1,7740 AZN/USD təşkil edir. Həmin bankların daxilində isə (mübadilə şöbəsində) dolların satış məzənnəsi 1,6895 AZN/USD təşkil edir.