Tərtər rayonunun içməli su təchizatı və kanalizasiya sistemi yenidən qurulur.
Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-nin məlumatına görə, Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi”-nin icrasına artıq başlanılıb.
Qeyd edək ki, layihə çərçivəsində gələcəkdə 21 min nəfərin yaşadığı rayonun 11 kəndinin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Ümumilikdə bu layihədən 47 min nəfər faydalanacaq.
Layihəyə əsasən, rayon mərkəzini və ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün 9 ədəd subartezian quyusunun qazılması layihələndirilib.
Bundan başqa, rayonda 3,6 km uzunluğunda magistral su xətti və hər birinin tutumu 5000 kubmetr olan 2 su anbarı tikiləcək.
Azərsu bildirir ki, şəhərdə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yenidən qurulması məqsədilə 110 km uzunluğunda paylayıcı şəbəkə yaradılacaq, 2959 ünvana birləşmə veriləcək və hər bir abonent smart-kart sayğacla təmin olunacaq.
Layihəyə uyğun olaraq Tərtər şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaq.
Belə ki, şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 104 km uzunluğunda kanalizasiya xətti, 2672 kanalizasiya quyusu tikiləcək, 2900-dən çox ünvana birləşmə veriləcək.
Tullantı sularının kənarlaşdırılması məqsədilə 8,1 km uzunluğunda kanalizasiya kollektoru inşa ediləcək. Tərtər şəhərində yaranacaq tullantı suları gələcəkdə Bərdə şəhəri yaxınlığında inşa ediləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcək.
Qeyd edək ki, Tərtər rayonu cəbhə bölgəsində yerləşir və burda kanalizasiya sistemi mövcud deyil.
Məlumat üçün bildirək ki, Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində Astara, Daşkəsən, Gədəbəy, Tərtər, Samux və Qazax şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur.
Artıq Gədəbəy, Astara, Daşkəsən və Tərtər şəhərlərində tikinti-quraşdırma işlərinə başlanılmış, Qazax və Samux şəhərlərində layihənin icrasına hazırlıq görülür.
Ülviyyə R. Əli
www.oxu.az