Azərbaycanda kolbasa və sosiska istehsalı üçün xaricdən donuz əti gətirilmir.
Oxu.Az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ölkədə halal sayılmayan məhsulların istehsalı haqqında danışarkən bildirib:
“Yerli kolbasa istehsalında istifadə edilən donuz əti isə yerli təsərrüfatın məhsuludur. Kolbasa və sosiska istehsalı üçün xaricdən donuz əti gətirilmir”.
Komitə sözçüsü bildirib ki, ölkədə 30-a qədər müəssisə tərkibində donuz əti və piyi olan məhsullar istehsal edir. İstehlakçılar tərəfindən hər hansı narazılıq olmayıb:
“Tərkibində donuz əti və piyi olan məhsullar laborator analizləri ilə yoxlanılır və sertifikatlaşdırılır. Bu sahədə hər hansı bir problem yoxdur. Bu sahədəki vəziyyət mütəmadi yoxlanılır. Nəzarət xidməti tərəfindən aparılan yoxlamalar zamanı irili-xırdalı nöqsanlar aşkar olunur. Bura markalanmada, məhsulun daşınması və saxlanmasına dair aşkarlanan nöqsanları aid etmək olar”.
F.Talıblı qeyd edib ki, bir neçə il əvvəl yeraltı keçidlərində kustar üsulla hazırlanmış ət və ət məhsulları, o cümlədən kolbasa və sosiska satılması müşahidə edilirdisə, indi bu, aradan qaldırılıb:
“Standarta uyğun olmayan sex və bu kimi fəaliyyət göstərən yerlər qapadıldı. Nümunəvi, standarta uyğun öz texnoloji əsasını quran müəssisələr yaradıldı. Hazırda həmin şirkətlər bazarda özünəməxsus yer tutur”.