Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin noyabr ayında 95 min unsiya (təqribən 3 ton) qızıl satıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı hesabatda deyilir.
Hesabata əsasən, qeyd edilən rəqəm AMB-nin ümumi qızıl ehtiyatlarının 12%-ni təşkil edir. Beləliklə, AMB-nin qızıl ehtiyatı 22 ton 15 kq səviyyəsinə enib.
Öz növbəsində, Dövlət Neft Fondu (SOFAZ) isə Azərbaycanın qızıl ehtiyatlarının satılması ilə bağlı yayılan məlumatı təkzib edib.
Fins.az-ın məlumatına görə, Fonddan bildirilib ki, əslində həmin qızıl ehtiyatları Mərkəzi Banka deyil, Dövlət Neft Fonduna (SOFAZ) məxsusdur.
Qızılın satılmasına gəlincə, Dövlət Neft Fondundan qeyd edilib ki, belə bir hadisə baş verməyib.
Sadəcə olaraq, Azərbaycanın qızıl ehtiyatlarına cavabdeh olan Dövlət Neft Fondu onun etibarlı şəkildə qorunmasını təmin etmək məqsədilə Mərkəzi Bankda saxlayıb.
Dövlət Neft Fondunun yeni binası istismara verildikdən sonra isə ehtiyatların Mərkəzi Bankın binasından öz binasına köçürülməsinə və burada saxlanılmasına qərara verib.
Beləliklə, ehtiyatların bir hissəsi Mərkəzi Bankdan çıxarılıb. Bu, xəzinəyə giriş-çıxış sənədlərində də öz əksini tapıb. Bu sənədlərə əsaslanan BVF isə belə bir məlumat yayıb.
U.A.
www.oxu.az