"Türkiyə 2053-cü ilə qədər sıfır karbon emissiyası hədəfi ilə bağlı rəsmi öhdəlik götürüb və bu istiqamətdə bir sıra strateji addımlar atılır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Enerji Forumu çərçivəsində Türkiyə Respublikasının energetika və təbii sərvətlər nazirinin müavini Əhməd Berat Çonkar səsləndirib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi qlobal miqyasda birgə əməkdaşlıq tələb edir:
"Heç bir ölkə dayanıqlı və inklüziv enerji təhlükəsizliyini təkbaşına təmin edə bilməz. Türkiyə olaraq biz enerji infrastrukturlarına böyük maliyyə yatırımları edirik, Günəş və külək enerjisi kimi alternativ mənbələrə qlobal investorları cəlb edirik".
Nazir müavini, həmçinin bildirib ki, Türkiyənin ilk nüvə elektrik stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, ölkə enerji idxalından asılılığını azaldır:
"Qara dənizdə yeni neft yatağı kəşf etmişik və yaxın zamanda onun istismarına başlamağı planlaşdırırıq. Enerji sistemlərinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində işlər görülür".
Əhməd Berat Çonkar Somalidə Türkiyə və qarşı tərəf arasında imzalanan enerji sazişinə də toxunub:
"Bu saziş hər iki ölkənin maraqlarına xidmət edir və ədalətli şərtlərlə hazırlanıb".
O, sonda Türkiyənin regional və beynəlxalq əməkdaşlıq formatlarında iştirakını davam etdirəcəyini, bütün tərəfdaşlarla birgə enerji təhlükəsizliyi sahəsində fəaliyyət göstərməyə hazır olduğunu vurğulayıb.
Aləmdə Nəsib