Bu gün Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını - Neftçilər Gününü qeyd edirlər.
Oxu.Az Marja.az-a istinadən xəbər verir ki, bu günün sentyabrın 20-də bayram edilməsi 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft və qaz yataqları blokunun kəşfiyyatı və istismarı üzrə bağlanmış “Əsrin müqaviləsi”nin imzalanması vaxtına uyğunlaşdırılıb.
1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlanıb. Xəzər dənizinin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, SOCAR, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.
“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.
Bu müqavilənin imzalanması Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır. Nəticədə, neft-qaz sahəsinin aktiv inkişafı respublika həyatının bütün sahələrinin artımına gətirib çıxardı.