Rusiyanın Novorossiysk şəhərinin Oktyabrsk rayon məhkəməsi tanınmış azərbaycanlı din filosofu Elmir Quliyevin “Müqəddəs Quranın rus dilinə mənalı tərcüməsi”ni ekstremist xarakterli hesab edib.
Oxu.Az Kasparov.ru-ya istinadən xəbər verir ki, kitab poçt göndərişlərindən birində olub və hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.
Rusiya Təhqiqat Komitəsinin Novorossiysk üzrə Təhqiqat şöbəsi kitabın gətirilməsi ilə əlaqədar CM-in 282-ci maddəsinin 1-ci hissəsi üzrə (Nifrət yaxud düşmənçilik oyatmaq, insan ləyaqətinin alçaldılması) cinayət işi qaldırmaqdan imtina edib, lakin nəqliyyat prokorurluğu Quranın tərcüməsini ekspertizaya göndərib.
Rusiya DİN BDİİ-nin Krasnodar vilayəti üzrə ekspert-kriminalist mərkəzinin tədqiqatı haqqında arayışa əsasən, kitabda insanlar yaxud bir qrup insanın müəyyən dinə mənsubiyyətinə görə mənfi qiymətləndirilməsi barədə fikirlər, bəzi insanların dinə münasibətinə görə digərləri qarşısında üstünlüyü (əsasən də, müsəlmanların qeyri-müsəlmanlardan daha üstün olması barədə fikirlər) haqqında rəylər, müsəlmanların qeyri-müsəlmanlara qarşı düşmən hərəkətlərini müsbət dəyərləndirən fikirlər, həmçinin məna baxımından düşmənçilik və zorakılıq hərəkətlərinə çağıran təhrik xarakterli fikirlər yer alıb.
Öz növbəsində Oxu.Az bu məsələ ilə bağlı şərh almaq üçün Quranın bu tərcüməsinin müəllifi Elmir Quliyevə müraciət etdi.
Kitabının ekstremist ədəbiyyat kimi tanınması ilə bağlı məlumatlı olub-olmadığı barədə sualımızı cavablandıran E.Quliyev bəyan edib ki, məhkəmənin qərarı ilə tanış deyil və ilk dəfədir ki, bizdən bu barədə eşidir.
Müəllifin sözlərinə görə, kitab həm Rusiyada, həm də onun hüdudlarından kənarda populyardır və məhkəmənin qərarının onun üçün heç bir əhəmiyyəti yoxdur:
“Mən məhkəmənin qərarını qeyri-adekvat hesab edirəm. Mənim kitablarımı buna qədər də qadağan ediblər. Problemi onların qanunvericiliyində, xüsusilə də qərarların qəbul edilməsi mexanizmində görürəm. Belə komik vəziyyət alınır: onlar müəyyən bir nəşriyyata mənim tərcüməmi nəşr etməyi qadağan etdikləri vaxtda, digər nəşriyyatlar məhkəmənin qadağa barədə növbəti qərarınadək kitabları satmaqda davam edirlər, bu kitablar yayılmaqdadır”.
Müəllifin sözlərindən belə çıxır ki, Rusiyada məhkəmənin belə qərarı onun kitabını bir növ reklam edir:
“Belə hərəkətlər mənim kitabıma olan marağı daha da artırır”.
Qeyd edək ki, 38 yaşı olan və Bakıda yaşayan Elmir Quliyev artıq 22 yaşında, Tibb Universitetinin məzunu olaraq, Quranın mənalarının tərcüməsinə başladı. 2002-ci ildə tərcümənin qaralaması tanışlıq üçün Quranın dərc olunması kompleksinə (Səudiyyə Ərəbistanı) təqdim edilib və qəbul olunub. Elmir Quliyevin Quran mənalarının tərcüməsi Rusiyada da təqdim olunub və ən mükəmməl rusdilli variant kimi tanınıb.
Müəllif Rusiya Müftilər Şurasının “Mənəvi birliyə görə” medalına layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl, 2012-ci ilin iyulun Omskın Kuybışev məhkəməsi Quliyevin “Qurana gedən yolda” kitabını da ekstremist kimi tanımışdı.