Mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı dəmir yolu reysi fəaliyyətini bərpa edir. "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti artıq biletlərin qiymətini də açıqlayıb. Rəsmi açıqlamaya görə, səyahət qiyməti marşrut üzrə dəyişir. Yəni Bakı - Tbilisi marşrutu üzrə bir nəfər üçün birtərəfli istiqamətdə biletin qiyməti 81 manat, Yevlax - Tbilisi 67, Gəncə - Tbilisi 62, Ağstafa - Tbilisi 57, Böyük Kəsik - Qardabani mənzili üzrə isə 51 manatdır.
ADY-dən verilən məlumata görə, qurum yalnız bilet satışını həyata keçirir və səyahət sığortası bilet qiymətinə daxil deyil.
* Bakı-Tbilisi-Bakı qatarının qrafiki və dayanacaqları bəlli oldu - VİDEO
* Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Gürcüstan hökumətinin qəbul etdiyi yeni qanuna görə, ölkə ərazisinə daxil olan hər bir sərnişin ayrı-ayrılıqda sığortlanmalıdır.
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə Gürcüstana səyahət edən sərnişinlərin sığortası necə həyata keçiriləcək və bir nəfərin sığortası neçəyə başa gəlir?
Sığorta eksperti Nicat Əlibəyli Oxu.Az-a açıqlamasında bildirib ki, Gürcüstana səfərlə bağlı tələb olunan səyahət sığortası Azərbaycandakı sığorta şirkətləri tərəfindən də təqdim olunur: "Sığortanı həm onlayn, həm də ofisə yaxınlaşaraq bir neçə dəqiqəyə rəsmiləşdirmək mümkündür.

Qiymətlər səfər müddətinə görə dəyişir. Hazırda minimum 3 günlük sığorta təxminən 11-12 manatdan başlayır. 30 günlük sığorta isə orta hesabla 26-28 manat civarındadır.
Məbləğ seçilən təminat paketinə və sığorta şirkətinə görə dəyişə bilər".