"Azərbaycanda növbəti həftələrdə torpaq müsabiqələrinin keçirilməsi gözlənilir".
Oxu.Az xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova nazirlik və sahibkarlar arasında işğaldan azad olunmuş ərazilərdə investisiya müsabiqəsinə çıxarılan torpaqlar üzrə icarə müqavilələrinin imzalanması zamanı bildirib.
Onun sözlərinə görə, son müsabiqələrdə Xocalı, Xocavənd və Laçın rayonlarında ümumilikdə 6 876 hektar torpaq sahəsi iştirak üçün təqdim olunub və onlardan 4 654 hektar torpaq icarəyə verilib. Xocavənd və Xocalı rayonlarında icarəyə verilməyən torpaqlar isə yenidən müsabiqəyə çıxarılacaq.
Nazir müavini qeyd edib ki, icarəyə verilmiş torpaqlar üzrə sahibkarların fəaliyyəti ilk 5 il ərzində müqavilənin uzadılması baxımından xüsusi əhəmiyyət kəsb edir:
"Hər il aparılacaq monitorinq həm sahibkara dəstək vermək, həm də öhdəliklərin yerinə yetirilməsini yoxlamaq məqsədini daşıyır. Əkin yerlərinin sahibkarlara investisiya müsabiqələri əsasında 5+44 ilədək müddətə icarəyə verilməsi nəzərdə tutulur. İnvestisiya müsabiqələrində təqdim edilmiş aqrar layihənin kənd təsərrüfatı fəaliyyətinin dəyər zəncirini əhatə etməsi (əkinçilik, bağçılıq, heyvandarlıq, emal və s.), innovativ parametrlərə malik olması, investisiya həcmi, səmərəliliyi, dəyər zəncirini özündə ehtiva etməsi və s. məsələlər nəzərə alınır. İcarə müddəti dövründə fəaliyyətin qiymətləndirilməsi ilə fəaliyyətin davam etdirilməsi qərarları qəbul olunacaq".
Elmidar Əliyev