Hazırda Azərbaycanda 543 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir. Böyük Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 20 milyard ABŞ dolları investisiya qoyulub.
Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Hendri ilə görüşü zamanı bildirib.
Nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi imkanlarını qeyd edərək, turizm, ekologiya, İKT, enerji, kənd təsərrüfatı məhsullarının istehsalı, investisiya, eləcə də Azərbaycanda yaradılan sənaye parklarında Britaniya şirkətlərinin iştirakı və Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq, birgə biznes forum və sərgilərin keçirilməsi sahələrində əməkdaşlığa dair fikirlərini bildirib.
Görüşün sonunda iki ölkə arasında memorandum imzalanıb.
Belə ki, sənədə əsasən, iki ölkə arasında Birgə Hökumətlərarası Komissiya yaradılacaq, iqtisadi və ticarət əlaqələri daha da genişləndiriləcək.
Öz növbəsində, Çarlz Hendri Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiyanın müxtəlif sahələrdə, eləcə də iş adamları arasında əlaqələrin inkişafında, Böyük Britaniya şirkətlərinin Azərbaycanda mövcud olan imkanlarla yaxından tanış olması baxımından əhəmiyyətli olacağını vurğulayıb.