Hesaba pul yatırılan kimi vətəndaşlar növbəyə dururlar.
Bir qayda olaraq onlar hesabdan bütün pulu çıxarırlar. Baxmayaraq ki, vəsaitin hesabda qalması həm vətəndaşlar, həm də bank üçün daha məqsədəuyğun olardı.
Oxu.Az “Exo”-ya istinadən bildirir ki, bu haqda “İqtisadi Təşəbbüslərə Dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev bəyan edib.
Onun fikrincə, bu məqsədlə ilk növbədə vətəndaşların maarifləndirilməsi prosesini genişləndirmək lazımdır:
“Onlar anlamalıdırlar ki, onların vəsaiti bankomatda yox, hesabdadır”.
Digər tərəfdən isə bankomatlardan pulu nisbətən az gəliri olan adamlar alır, ekspert deyir:
“Bank kartları əsasən müəllim, təqaüdçü və sosial yardım alanlardadır. Onlar bir qayda olaraq kiçik məbləğdə vəsait alırlar. Ona görə də hesaba pul yatırılan kimi, onu çıxarıb tələbatlarını ödəmək üçün istifadə edirlər. Bunun üçün də bank kartları ilə aparılan əməliyyatların 90%-nin nağd pul almaq üçün istifadə edilməsinə təəccüblənmək lazım deyil. Əgər yuxarıda sadaladığımız kateqoriyaya aid insanların gəliri, məsələn, 1000 ya 2000 manat olsaydı onlar yalnız 300 və ya 400 manatı nağd pulla çıxardardılar. Qalan vəsait isə bank kartında qalardı. Dövlət əhalinin gəlirinin artması ilə əlaqədar tədbirlər həyata keçirməlidir ki, onların bank hesablarında daha çox vəsait qalsın”.
Üçüncü səbəb isə köçürmə əməliyyatının stimullaşdırılması üçün infrastrukturun olmamasıdır, deyən S.Əliyev şikayətləndi.
“Əhalinin istehlakçı tələblərinin ödənməsi üçün daha çox nağd pul sərf edilir. Məsələn, Azərbaycan vətəndaşı kart ilə harda çörək ala bilər? Bank kartı ilə çörəyi yalnız iri supermarketlərdə almaq mümkündür. Nəzərə alaq ki, bu amil çox vacib amildir, belə ki, əhalinin gəlirinin üçdə ikisi məhz istehlakçı malların alınmasına sərf edilir. Bununla əlaqədar Azərbaycanda ərzaqlar nağd pulla əldə edilir. Digər tərəfdən, Azərbaycanda pos-terminal çox deyil və onlar bərabər məsafədə yerləşdirilməyib. Məsələn, kənd yerlərində pos-terminalı olan elə də çox mağaza yoxdur. Belə olan halda kənd əhalisi istehlakçı mallarını necə əldə edə bilərlər? Bu nöqteyi-nəzərdən infrastruktur yaratmaq lazımdır”.
Hökumət köçürmə yolu ilə ödəmənin inkişafı üçün stimullaşdırıcı tədbirlər həyata keçirməlidir, S.Əliyev qeyd edib.
“İlk növbədə, köçürmə yolu ilə ödəmə qəbul edən sahibkarlara vergi imtiyazları tətbiq etmək olar. Bundan başqa öz təşəbbüsü ilə pos-terminal əldə edib quraşdırmaq olar. Qeyri-nağd ödəməyə üstünlük verən vətəndaşlara müxtəlif bonus və lotereyalar təklif etmək olar”.
Və nəhayət, nağd pulun çıxarılma həcmini məhdudlaşdırmaq lazımdır, ekspert belə hesab edir.
“Bəzi ölkələrdə 1000 avrodan artıq nağd ödəməyə icazə verilmir. Bəzi ölkələrdə isə bu məbləğ 5 min avroya çatır. Əgər sadalanan tədbirlər həyata keçirilərsə, biz bankomatların qarşısında olan növbələrə çox nadir hallarda rast gələcəyik”, - S.Əliyev sözünü yekunlaşdırıb.