Təbii qaz çatışmazlığını bu il Azərbaycandan alınan qaz ilə həll etmək mümkün olmayacaq.
Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxaber Kaladze SOCAR nümayəndələri ilə görüş başa çatdıqdan sonra bildirib.
Nazirin sözlərinə görə, eyni zamanda kommersiya istehlakçıları üçün yeni tarif planı üzərində iş artıq aparılır.
Kaladze bəyan edib ki, Azərbaycandan tədarük edilən qazın həcminin artırılması üçün müvafiq investisiyalar ilə texniki dəstək lazımdır və tərəflər buna hazırlaşır.
Onun sözlərinə görə, söhbət tədarük həcminin artırılmasına dair yeni layihədən və SOCAR-ın bu layihədə iştirakından gedir.
Nazir Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu və 2016-cı ildən müştərək layihə çərçivəsində qaz kəmərinin inşa edilməsinin, 2019-cu ildən isə “Şah-Dəniz”in ikinci fazasının tikintisinin planlaşdırıldığını vurğulayıb.