"Azərbaycanda kiçik və orta bizneslərin (KOB) "yaşıl" siyasətlərin tətbiqində böyük potensialı olsa da, onlar məlumat və bilik çatışmazlığı, məhdud bacarıqlar və maliyyə mənbələrinə çətin çıxış kimi problemlərlə üzləşirlər".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə (BCAW2025) deyib.
O qeyd edib ki, KOBİA KOB-ların bu çətinlikləri aşmasına və yaşıl iqtisadiyyatda daha güclü rol oynamalarına kömək edir:
"Biz vahid dəstək modelindən istifadə edirik, burada KOB-lar xidmətləri bir platforma vasitəsilə ala bilirlər".
O əlavə edib ki, KOB-lar həm yaşıl keçidə təsir göstərir, həm də yaşıl iqtisadiyyatda yaranan imkanlardan faydalanırlar:
"Ənənəvi olaraq, ətraf mühit məsələlərində əsas diqqət iri şirkətlərə yönəlib. Lakin KOB-lar dünya üzrə bütün müəssisələrin, təxminən, 90%-ni təşkil edir. Onlar kiçik görünsələr də, birlikdə böyük təsirə malikdirlər. Ekspertlərin qiymətləndirməsinə görə, KOB-lar qlobal tullantıların 50-70%-ini təşkil edir".
O.Məmmədov qeyd edib ki, eyni zamanda, KOB-lar dünya üzrə iş yerlərinin təxminən 70%-ni təmin edir:
"Bu göstərir ki, KOB-lar yalnız səmərəli istehsal yolu ilə deyil, həm də məsuliyyətli istehlakçı davranışının formalaşmasına təsir edərək ətraf mühitin qorunmasına güclü təsir göstərə bilər".